«Azadlıq» qəzetində jurnalistlərin şəkillərinin çapı davam etdiriləcək»

Azər Əhmədov

Qənimət Zahid və Eynulla Fətullayevin şəkillərinin «Azadlıq» qəzetində çapı davam etdiriləcək. Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişinə qəzetin direktoru Azər Əhmədov deyib. Onun sözlərinə görə, şəkillərin bir gün qəzetdə verilməməsi ciddi rezonans doğurub.

Həbsdə olan jurnalistlərin şəkillərinin qəzet səhifəsindən çıxarılmasını həmkarlarından Qənimət Zahid özü xahiş etmişdi. Bu barədə «Turan» İnformasiya Agentliyinə onun həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat vermişdi. Onun dediyinə görə, Qənimət Zahid bu üsulun artıq ömrünü başa vurduğunu düşünür:

«Qənimət Zahid hesab edir ki, cəmi iki qəzet - «Azadlıq» və «Yeni Müsavat»ın iştirak etdiyi bu aksiyanın təsiri aşağıdır».

Həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi məqsədilə bu aksiyanı bir neçə müxalifət qəzeti başlasa da, bu işi yalnız «Azadlıq» və «Yeni Müsavat» qəzetləri davam etdirirdi.

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid 4 il müddətinə, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.