Daşkəsəndəki qanlı olaydan əvvəl

Mərhəmət Hüseynov (şəkildə sağda)

«Uşağı gətirdilər, baş leytenant Rövşən Ələkbərov əsgərləri çağırdı ki, gəlin Hüseynovun anasına bir-bir deyin ki, onun oğlu sizi vurub. Əsgərlər deyirdilər ki, baş leytenant, axı Hüseynov bizi vurmayıb. Gözümün qarşısında Rövşən Ələkbərov əsgərləri bir-bir otaqdan çıxarıb təpikləyirdi, deyirdi girin içəri, deyin ki, Hüseynov bizi vurub».

Cəlilabad rayonu, Göytəpə qəsəbə sakini Zəminə Hüseynova deyir ki, oğlu Mərhəmət Hüseynov 1 il 4 ay əvvəl hərbi xidmətə çağırılıb. Oğlunun bağırsaq xəstəliyi ilə əlaqədar olaraq o, bir valideyn kimi Müdafiə və Səhiyyə nazirliklərinə müraciət edib ki, həmin qurumlar əsgər oğlunun müalicəsinə köməklik etsinlər.

Əsgər anası deyir ki, bu müraciətlərinin nəticəsi olaraq əvvəlcə oğlu Mərkəzi Hərbi Kliniki Hospitalda müayinədən keçirilib. Hərbi xidmətə yararlı sayılıb və son hadisələri ilə gündəmdə olan Daşkəsəndəki N saylı hərbi hissəyə göndərilib. Hərbi hissəyə gəldiyi ilk günlərdən başlayaraq baş leytenant Rövşən Ələkbərov tərəfindən incidilib.

«BAŞ LEYTENANT ONU SÖYÜB, OĞLUM HUŞUNU İTİRİB»

Əsgər anası: «Oğlum əl-üzünü yuyub əsgərlərlə yemək yeməyə gedəndə baş leytenant onu söyüb. Oğlum cavab qaytara bilməyib, dili qatlanıb, huşunu itirib. Qərargah rəisi oğlumu çağırıb ki, səni kim bu vəziyyətə salıb? Oğlum da baş verənləri qərargah rəisinə danışıb».

Zəminə Hüseynova deyir ki, baş leytenant barədə raport yazılıb, cəzalandırılıb. Hər şey də bundan sonra başlanıb. Zabit əsgərə söz verib ki, cəzalandırılmasının intiqamını onda qoymayacaq:

«İMKAN VERMƏYƏCƏYƏM Kİ, SƏN ƏSGƏRLİKDƏN EVƏ GEDƏSƏN»

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov
«Rövşən Ələkbərov deyib ki, sən məndən şikayət eləmisən, mən imkan verməyəcəyəm ki, sən əsgərlikdən evə gedəsən».

Valideynin sözlərinə görə, 6 ay əvvəl hərbi hissədə iki əsgər arasında münaqişə baş verib, əsgərlərdən birinə bellə xəsarət yetirilib. Baş leytenant Rövşən Ələkbərov əsgər Mərhəmət Hüseynova da təklif edib ki, şahid qismində Gəncə şəhər Hərbi Prokurorluğunda ifadə versin. Mərhəmət Hüseynov əvvəlcə şahid qismində dindirilib, lakin günlərin bir günü dalaşan əsgərlər həbsdən buraxılıb, onların yerinə Mərhəmət Əsgərov həbs edilib.

Əsgər anası: «Rövşən Ələkbərova dedim ki, sən mənim uşağımı nəyə görə heç nədən ilişdirdin? Dedi ki, yadındadır, mənə deyirdin səndən şikayət edəcəyəm? Sən özün öz uşağının başına torba saldın».

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, əsgər, yaxud onun valideyni nədənsə şikayətçidirsə, həmin əsgərin günü qaradır:

«ƏSGƏRLƏR DƏRDLƏRİNİ DEMƏYƏ ADAM TAPMIRLAR»

«Ya valideyn, ya əsgər, hərbi xidmətin ilk vaxtlarında üzləşdiyi çətinliklərlə əgər yuxarı instansiyalara şikayət ediblərsə, ondan sonra onlara qarşı bu cür addımlar atılır. Son vaxtlardasa görürük ki, belə əsgərlər saxta ittihamlarla həbsə atılırlar. Əsgərlər öz dərdlərini deməyə adam tapmırlar. Onun nəticəsidir ki, qapanma əmələ gəlir, əsgərdə psixoloji gərginlik yaranır, gətirib belə bədbəxt hadisələrə çıxarır».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Eldar Sabiroğlu
Eldar Sabiroğlu isə deyir ki, məsələnin araşdırılmasına ehtiyac var:

«ƏGƏR HƏQİQƏTƏN DƏ ONUN DEDİYİ KİMİDİRSƏ…»

«Mən o valideynin vəziyyətini başa düşürəm. Eyni zamanda, onu da dərk edirəm ki, heç bir valideyn uşağının günahı olsa da, o günahı övladında görmür. İradları ilə, tənbehləri ilə istiqaməti başqasına yönəldir. Ərizə ilə müraciət eləsin, baxaq, araşdıraq, nə imkan varsa kömək göstərək. Əgər həqiqətən də onun dediyi kimidirsə, bu başqa məsələ, əks halda uşaq cəzasını çəkməlidir».

Əsgər Mərhəmət Hüseynov hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqda təqsirləndirilir. İstintaq Gəncə şəhər Hərbi Prokurorluğu tərəfindən aparılır. Əgər o, məhkəmədə özünü müdafiə edə bilməsə, onu 5 ilədək həbs cəzası gözləyir.

Onun hərbi xidmətdə olduğu N saylı hərbi hissədə ötən həftə qanlı hadisə baş verib. İki əsgər dörd hərbçini öldürüb, ikisini yaralayıb, rəsmi məlumata görə, sonra da özlərini güllələyibər. Baş Prokuror Zakir Qaralov hadisəyə görə iki vəzifəli hərbçinin həbs olunduğunu deyib.