Ziyafət Əsgərov: Azərbaycan Türkiyə rəhbərliyinin öz vədinə sadiq qalacağına inanır

«Azərbaycan Türkiyə rəhbərliyinin öz vədinə sadiq qalacağına inanır».

Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ-da keçiriləcək Ərdoğan-Sarkisyan görüşünə münasibət bildirərkən deyib.

Z.Əsgərov Yeni Azərbaycan Partiyasının saytına bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ probleminin həllindən asılıdır.

Onun sözlərinə görə, Türkiyənin baş naziri və xarici işlər naziri bu məsələdə Azərbaycan maraqlarını qorunanacağını bəyan edib:

«Mövqeyimiz belədir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər Ermənistanın işğalçılıq siyasətinə son qoyulandan sonra açılmalıdır. Bu mövqeyimizdə də qalırıq. Hesab edirəm ki, Türkiyə tərəfi də bu prinsipə sadiq qalacaq»

Aprelin 12-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da görüşəcəklər.