Robert Qeyts Bakıya gəlib

ABŞ-ın müdafiə naziri Robert Qeyts

ABŞ-ın müdafiə naziri Robert Qeyts iyunun 6-ı Bakıya gəlib. Amerikalı nazirin Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşü nəzərdə tutulur. Görüşdə əsas müzakirə mövzusu Əfqanıstandakı Amerika hərbçilərinin təchizatı məsələsi olacaq. ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Kis Biin AzadlıqRadiosuna belə deyib:

«Azərbaycan vasitəsilə Əfqanıstana Amerika hərbçilərinin həyat təminatı üçün böyük həcmdə qeyri-hərbi təchizat həyata keçirilir. Nazir Azərbaycan rəhbərliyinə buna görə minnətdarlıq edəcək və bu barədə müzakirələr olacaq».

Bu, Robert Qeytsin nazir kimi Azərbaycana ilk səfəridir. O, Bakıya Sinqapurdan gəlib.

O, Bakıdan sonra Londona, ordan isə NATO müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə yollanacaq.