Futbolçulardan kim nə qədər qazanır

İspaniya-İsveçrə oyunu

Dünya çempionatı təkcə futbol meydanında baş verənlər deyil. Mətbuat bəzən futbol ətrafındakı hadisələrdən daha çox yazır, nəinki oyunlardan.

Jurnalistlərin ortaya çıxardığı nəzər bucaqlarından biri də futbol ulduzlarından kimin nə qədər pul qazanmasıdır.

Cənubi Afrikada futbol deyil, maaş yarışı keçirilsəydi, İspaniya yığması dünya çempionu olardı.

OYUNÇU QİYMƏTİNƏ GÖRƏ LİDER İSPANİYA MİLLİSİDİR

E24.se saytı hesablayıb ki, İspaniya millisinə daxil olan oyunçuların maaşlarını bir yerə toplasan, yarım milyard manatdan çox pul edir (təqribən 641 milyon).

Xavi Ernandes, Andres İniesta və Fransesk Fabreqas – hər biri 60 milyon manatdan artıq illik maaş alır.

«KASIB» BRAZİLİYA

Kaka
Varlı futbol ulduzlarının siyahılarında çox az braziliyalı oyunçu adlarının olması diqqəti cəlb edir. Burada ancaq Kaka (18.6 milyon) və Daniel Alveşin (7.4 milyon) adları var.

VARLI İNGİLTƏRƏ

İngilislərin Cənubi Afrikaya gedən oyunçuları arasında ən varlısı zədə səbəbindən oynaya bilməyən Devid Bekhemdir. Onun illik gəlirinin təqribən 30 milyon manat olduğu bildirilir.

İngilis komandasının ən çox qazanan oyunçusu Frenk Lemparddır – onun illik gəliri 12.5 milyon manatdır. İngilis yığmasının daxili «rəqabətində» ikinci yerdə «Çelsi»də onun klub yoldaşı Con Terri gedir – təqribən 12 milyon manat. Sonrakı yerlərdə gələn Stiven Cerrard («Liverpul») və Ueyn Runi («Mançester Yunayted») isə hər biri ildə 11 milyon 300 min manat qazanırlar.

FIFA-2010-DA İŞTİRAK ETMƏYƏN VARLILAR

Devid Bekhem
Bir sıra komandalarda zədə və ya məşqçilərin zövqü səbəbindən məşhur oyunçular oynamır. Deyirlər ki, onların kənarda qalması bu və ya digər komandanın oyununa təsir edə bilər. Əminliklə ancaq onu demək olar ki, ulduzların gəlməməsi milli komandaların «maaş» reytinqinə xeyli təsir edib.

Devid Bekhemin adını yuxarıda çəkdik. FIFA-2010-dan kənarda qalan «varlılardan» ilk növbədə braziliyalı Ronaldinyonu (18.6 milyon manat), isveçli Zlatan İbrahimoviçi (11.9 milyon), italiyalı Tottini və alman Ballakı (hər biri 8.1 milyon), habelə fransız Karim Benzemanı və ispan Raulu (hər biri 7.4 milyon) misal gətirmək olar.

FIFA-2010 İŞTİRAKÇILARINDAN KİM NƏ QƏDƏR QAZANIR (illik/ Azərbaycan manatı ilə)

1. Kriştianu Ronaldu (Portuqaliya) – 22.4
2. Kaka (Braziliya) – 18.6
3. Terri Anri (Fransa) – 17.8
4. Lionel Messi (Argentina) – 14.9
5. Frenk Lempard (İngiltərə) – 12.5
6. Con Terri (İngiltərə) – 11.9
7. Stiven Cerrard (İngiltərə) – 11.2
8. Ueyn Runi (İngiltərə) – 11.2
9. Samuel Eto`o (Kamerun) – 9.6
10. Fabio Kannavaro (İtaliya) – 8.9