AXCP və Müsavat 125 dairədən 70-ini razılaşdırıblar

Arif Hacılı

Avqustun 13-də Müsavat Partiyası AXCP-yə güzəştə gedəcəyi 36 seçki dairəsini müəyyənləşdirdiyini elan edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, nəzərdə tutulan dairələr arasında AXCP-nin ötən həftə təqdim etdiyi 30 dairənin hər hansı biri ilə üst-üstə düşəni yoxdur. Bu dairələrin 23-də artıq AXCP-nin namizədi var.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyir ki, 125 dairənin təxminən 70-də artıq razılaşma əldə edilib. Qarşıdakı müzakirələrdə digər yerlər üzrə də razılıq əldə etmək mümkün olacaq. Bununla belə o istisna etmir ki, məhdud sayda bir neçə dairədə razılıq əldə olunmasın.

«Yəni AXCP və Müsavat üçün xüsusi önəm daşıyan dairələr. Onların təqribən 6-sında ola bilər ki, hər iki partiya öz namizədi ilə iştirak etsin. Amma bu, təbii qarşılanmalıdır. 2005-ci ilin parlament seçkilərindən artıq belə bir təcrübə var».

Artıq bir müddətdir ki, AXCP və Müsavat Partiyası qarşıdakı parlament seçkilərinə bir blokda-vahid namizədlərlə getmək barədə müzakirələr aparılar.