Sabiq komissar, hazırkı icra başçısı deputat olmaq istəyir

Əliağa Hüseynov

Salyan rayonunun icra başçısı Əliağa Hüseynov 59 saylı Salyan Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürüb. Bu barədə AzadlıqRadiosuna DSK-nın sədri Səlamət Kərimov məlumat verib.

«Əgər onun namizədliyi qeydə alınarsa, fəaliyyətini müvəqqəti dayandırmalıdır. Seçki Məcəlləsinə görə, o, seçkilərdə qalib gələrsə tutduğu vəzifədən azad olacaq. Əks halda seçkilər başa çatdıqdan sonra öz fəaliyyətini davam etdirəcək».

Səlamət Kərimovun sözlərinə görə, indiyə kimi 59 saylı Salyan Dairə Seçki Komissiyasında 6 nəfərə imza vərəqələri verilib.

Salyan rayon icra başçısı Əliağa Hüseynov uzun müddət Azərbaycanın hərbi komissarı olub.

59 saylı Salyan DSK-dan millət vəkili seçilmiş Milli Məclisin Sosial Siyasət Daimi Komitəsinin üzvü Əkrəm Abdullayev hələ ki, namizədliyini irəli sürməyib.

Seçki Məcəlləsinə uyğun olaraq deputatlığa namizəd olmaq istəyənlər oktyabrın 8-nə kimi sənədlərini müvafiq DSK-ya təqdim etməlidirlər.