Bəxtiyar Hacıyevin məhkəməsi martın sonu, aprelin əvvəlində olacaq

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş cinayət işinin materialları martın 15-də məhkəməyə göndəriləcək.

Bu haqda onun vəkili Elçin Namazov məlumat verib. Məhkəmə prosesi Gəncədəki Nizami rayon Məhkəməsində martın axırı, aprelin əvvəlində başlayacaq.

Vəkil Bəxtiyar Hacıyevlə martın 14-də görüşüb:

«Bəxtiyar ona qarşı irəli sürülən ittihamın qeyri-qanunsuz olmasını sübut etmək üçün hamının iştirakı ilə açıq məhkəmənin keçirilməsini gözləyir».

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1 maddəsi ilə hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi onun haqqında 1 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır.