“Baza prinsiplərinin razılaşdırılmasının vaxtıdır”

Matthew Bryza


“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ səfəri konstruktiv olub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, ABŞ, Rusiya, Fransa prezidentlərinin Dovil (Deauville) bəyanatı müzakirə olunub. Bundan başqa nazirin ABŞ görüşlərində strateji əməkdaşlıq, Əfqanıstan məsələsi və demokratiya məsələləri də müzakirə obyekti olub”.

Bunu Birləşmiş Ştatların Bakıdakı səfiri Matthew Bryza iyunun 7-də jurnalistlərə deyib. Səfir bu gün Bakıda start götürən 18-ci Neft-Qaz sərgisi çərçivəsində danışıb.

Cənab Bryzanın fikrincə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə irəliləyiş olacaq. “Baza prinsiplərinin razılaşdırılmasının vaxtıdır,” Matthew Bryza belə deyib.

Üç ölkə prezidenti iyunun 25-də Kazanda görüşəcək. Bundan əvvəl isə, iyunun 11-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Moskvada görüşəcəklər.

Bu il mayın 27-də Rusiya, ABŞ və Fransa prezidentləri Dovildə Böyük Səkkizliyin samiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı birgə bəyanat qəbul ediblər. Bəyanatda bildirilib ki, münaqişənin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Həmsədr ölkələr Əliyev və Sarkisyanı Kazan görüşündən yararlanaraq baza prinsiplərinə dair razılaşma əldə etməyə çağırıblar.