Vaqif Bayatlı Odər. Ağ yaylıq ağ gündü, oğul

Davada nakam həlak olanların xatirəsinə

- Qarı nənə, qarı nənə
Ağ yaylığın düşdü, nənə.
- Ağ yaylıq ağ gündü, oğul -
Qara günün, qara davanın
Ölüm günündən başlar.
- Qarı nənə, qarı nənə,
Qırmızı yaylığın düşdü, nənə.
- Qırmızı yaylıq toyundu, oğul
Kimi çağırmısan toyuna,
Söykəyib üzlərini
bir-birinin çiyninə
oynasınlar dostlar.
Artıq heç nə istəmərəm.

- Qarı nənə, qarı nənə,
Qara yaylığın düşdü, nənə.
- Qara yaylıq ölümdü, oğul,
Ört üstünə.

- Qarı nənə, qarı nənə,
Bağlama gözümü, nənə,
Bir damla göz yaşı incidir məni.
- Gözünün son damlasıdı, oğul,
incidir səni,
O son damla yaş
Hələ illərlə saxlayacaq
gözlərinin çiçəyini
Qoy örtüm gözünü, oğul.