Əli Kərim. Maska

Yaxşı yadımdadır Peredelkino.
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış
Bir şümal, bir gözəl qız paylayardı.
Bəzən görürdün ki. bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan
Təzədən üzünə bir maska vurur.
Bəzən də birisi öz sifətini
alır,
qəzəblənir,
qıza qaytarır.
Karnaval qurtarır,
adamlar bir-bir
aldığı maskanı qaytarır qıza.
Amma bəziləri naxələf çıxır,
Qayıdır evinə üzündə maska.