Süleyman Rüstəm. Bir anlıq həyəcan

Sevgilim, həyatla vida çağımda
Borcunu yerinə yetirməyə gəl.
Gəl, ötən günlərin xatıratını,
Gəlişinlə cana gətirməyə gəl!

Gəl, başıbəlalı Təbrizdən danış,
Ürəyi yaralı Təbrizdən danış,
Səngərli, qalalı Təbrizdən danış,
Vüsal çiçəkləri bitirməyə gəl.

Uzaqda olsan da yanımdan mənim,
Qanın ayrı deyil qanımdan mənim,
Canıma yaxınsan canımdan mənim –
Ölsəm, məni yerdən götürməyə gəl.

Ömrümün dünəndə qaldı baharı.
Mənim xoş günümdə gəlmədin, barı
Qırıb məftilləri, udub yolları,
Məni son mənzilə ötürməyə gəl!