TQDK sədri şişirdilmiş attestat qiymətlərindən şikayətləndi

Məleykə Abbaszadə

2011-2012-ci il ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə avqustun 12-də keçirdiyi mətbuat konfransında deyib.

«Bu il əlaçı attestat alanların 1.2 faizi 0-100 bal arasında nəticə göstərib. Nəzərə alsaq ki, 2004-cü ildə bu nəticə 14 faizə bərabər idi, bu il göstərici yaxşılaşıb. Lakin yalançı əlaçıların sayı daha da yaxşılaşmalıdır», - Abbaszadə deyib.

O qeyd edib ki, qəbul imtahanlarında 0-100 bal «2» kimi qiymətləndirilir.

«Lakin 87 faiz attestat qiyməti «3» olan abituriyent 100 baldan çox toplaya bilməyib. Bu da həmin şəxslərin attestat qiymətini şübhə altına alır», - sədr deyib.

Ümumilikdə bu il orta məktəbi qızıl diplomla və əlaçı bitirənlərin qəbul imtahanlarında orta balı 500 bal təşkil edib. /Trend/