Əkbər Qoşalı. Yol yaranıb ən ilk öncə, ya yolçu

Yol yaranıb ən ilk öncə, ya yolçu,


ən sonuncu yolçu kimdi görəsən?


Yolçuluqda ölər olsam, ya yolçu,


"yol sağ olsun, olan işdi" deyərsən.




Ölər olsam... tabutumu qaldırar,


qardaşım Zülfüqar, əzizim Yolçu.


Ləngidərlər, "bəlkə..." deyə, nə çıxar?


ləngitmə ölünü, mən ölüm, Yolçu.




Deyir, yolda yoxuş yoxsa, yol deyil,


gedən ruhdu, qılça deyil, qol deyil.


Ürəyim yoldadı, yolum sol deyil,


ürəyim yoldadı, ürəyim yolçu...




(Yol yaranıb görən, öncə, ya yolçu,


yol dəyişər, de, ən sonda, ya yolçu?


Yolçuluq da qutsal işdi, ya yolçu,


nə xoşbəxtdi ölən kişi, deyərsən.)