115 min nəfərlik məscid tikilir

Düşənbədə tikilən Cümə Məscidinin layihəsi

100 milyon dollara başa gələcək məscidin bünövrəsini prezident şəxsən qazıb, amma...
Düşənbə yaxınlığında Orta Asiyanın ən iri məscidi tikiləcək. Geniş müsəlman məbədində 115 min nəfər eyni zamanda ibadət edə biləcək. Bu, Düşənbə əhalisinin altıda bir hissəsi deməkdir.

Tacikistan prezidenti Emomali Rahmon müxtəlif sahələrdə rekord qırmaq həvəskarıdır. Hələ bir ay əvvəl Tacikistan paytaxtında dünyada ən hündür dirəkdə dövlət bayrağı asılmışdı. İndi isə prezident Düşənbənin kənarında iri məscid inşa etdirmək haqda göstəriş verib.

Məscidin təməlqoyma mərasimində prezidentin özü ilk qazmanı aparıb. 100 milyon dollarlıq bu məscidin inşası 2014-cü ildə başa çatacaq. Layihə xərclərinin 70 faizi Qətər hökuməti tərəfindən ödənilir.

16 MƏSCİD MƏDƏNİYYƏT MƏRKƏZİNƏ ÇEVRİLİB

Rəsmi Düşənbənin dini qurumlara basqı etməsi ilə bağlı ittihamların səsləndiyi bir vaxtda prezident belə bir layihənin startına göstəriş verib.

Son illərdə Tacikistanda onlarla məscid bağlanıb, yaxud qeydiyyatı ləğv edilib. Hətta ölkənin cənubunda məmurlar qeydiyyata alınmayan məscidləri idman zalı və yardım mərkəzlərinə çevirmək istəyirlər. Xetlon Jomi rayonunda artıq 16 məscid mədəniyyət mərkəzinə çevrilib.

Ötən il xarici dini məktəblərdə təhsil alan 1000 tacik tələbəsi geri çağırılmışdı. Çünki prezident Rahmon onların terrorçu və ekstremistə çevriləcəyi ehtimalının olduğunu demişdi.

Lakin rəsmi Düşənbə iddia edir ki, ölkədə dini etiqad azadlığı məhdudlaşdırılmır. Hazırda Tacikistanda 3800 rəsmən qeydə alınmış məscid fəaliyyət göstərir.