Noyabrın 9-u Dövlət Bayrağı Günüdür

Dövlət bayrağı meydanı

Noyabrın 9-u Azərbaycanda ikinci dəfə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən, Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.

Azərbaycanın dövlət bayrağı yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.