Camal Yusifzadə. Mənim yaşımda

Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm.
Ölmərəm, ancaq
Görünür yaşamaq çətin olacaq.
Mənim yaşımda birisi yumar gözünü,
Yıxılar həsrətin daş hasarından
Başqa birisinin qolları üstə.
Mənim yaşımda,
zənciri qırılmış bir dəli fəryad,
Sərsəri başına bir cüt diz tapar.
Başqa birisi də bıçaq yerinə
Ruhunu soymağa bir cüt göz tapar.
Nə isə,
Mənim yaşımda
Yaşayar bu dövrü
hərə bir təhər.
Nə isə, nə isə...
Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm...

1970