Çingiz Əlioğlu. Musiqi

Musiqi, ey saqi, musiqi çağır…
Muskat şərabı tək çuğlaşın bizi.
Musiqi taktının mustanq atları
O göylər tağına bağlasın bizi!

Musiqi ecazı müstəcəb, saqi…
Bişdik bu kürrənin mis tavasında!
Müstasna olaraq müsbət musiqi
Qoparır bizi yer müstəvisindən.

Bilir sabiq dostlar, o sabiq ərlər
Musiqi, tək ağam, tək sahibimdir!
Mənimçün deyil bu müsabiqələr,
Göy üzü, göy səma müsahibimdir.

Kimsəni qınamaq missiyam deyil…
Müstəntiq deyiləm sındırıb-sökəm.
Vallah, bu şuluqluq, pis qiyam deyil,
Müsəlləh sadiqəm, müsəlmanam mən.

Müsaidənizlə… musiqi, saqi…
Demə, nə müstəbid müsafirim var!
Haçandır səsləyir o göylər bağı,
Mənim də oraya bir səfərim var…


İyul, 2008