Rokçu Camal Əli ilə görüşə icazə verilmir

Camal Əli

Səbail polisində saxlanılan «Bulistan» rok-qrupunun ifaçısı Camal Əlinin vəkillə görüşünə icazə verilmir.

Bu barədə AzadlıqRadiosuna rokçunun vəkili Anar Qasımlı məlumat verib:

«Müdafiə etdiyim Camal Əli ilə görüşmək üçün bu gün [martın 24-də] Səbail rayon Polis İdarəsinə getdim. Dedilər yalnız məhkəmədən sənəd gətirəndən sonra görüş verə bilərik».

Vəkil qanunvericilikdə belə bir proseduranın olmadığını deyir.

Camal Əli martın 17-də Bakıda keçirilən icazəli mitinqdə saxlanılıb. Səbail rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs qərarı verib.

Camal Əlinin anası Gülşən Əliyeva da indiyə qədər oğlu ilə görüşə bilmədiklərini deyir:

«Apardığım yeməkləri qəbul edirlər. Polis idarəsində hər dəfə deyirlər ki, narahat olmayın, oğlunuzun vəziyyəti yaxşıdır. Dostları da siqaret və paltar aparıblar, hamısını qəbul ediblər. Amma görüş verilmir».