Ziyalılarla redaktorlar nədən danışıblar?

Əkrəm Əylisli

Aprelin 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində Ziyalılarla redaktorların görüşü olub. Toplantıda ölkə mediasının vəziyyəti və Forumla media arasındakı qarşılıqlı məsələlər müzakirə olunub.

Ziyalılar bildiriblər ki, belə bir görüşün keçirilməsi ideyası çoxdan olsa da, həmin görüşü simvolik olaraq aprelin 7-nə, «Molla Nəsrəddin» jurnalının ilk nəşrinin çıxdığı günə salıblar. («Molla Nəsrəddin» 1906-cı il aprelin 7-də nəşrə başlayıb).

Yazıçı Əkrəm Əylisli deyib ki, «Molla Nəsrəddin» jurnalının 106 il əvvəl yazdıqları hələ də öz aktuallığını itirməyib. O, «Molla Nəsrəddin»ə görə Mirzə Cəlilə qarşı təzyiqlərdən danışıb. Hətta din xadimləri tərəfindən onun ölümünə fətva verildiyini bildirib:

«Jurnal çıxandan sonra ilk reaksiya Tiflisin baş mollasından gəlib. O, adamları yığıb deyib ki, siz bu jurnala 3 şahı 1 abbasi pul verib evə aparmaqla allahsızlığa yol verirsiz. Siz bu kafir jurnalını almayın. İkinci reaksiya Bakının qazisindən gəlib. O da deyib ki, «Molla Nəsrəddin» haramdır, onu oxuyanlar da cəhənnəmlikdir. 3-cü reaksiya isə Nəcəfdən gəlib. Mirkazım adlı molla deyib ki, naxçıvanlı Mirzə Cəlilin qətli vacibdir və bunu edən hər bir müsəlman çox böyük iş görmüş olar. 4-cü reaksiya isə «Kommunist» qəzetindən olub. Yazıçı Əli Vəliyev 1926-cı ildə məqalə yazır ki, «Molla Nəsrəddin» islah edilməlidir. Nə onun əqidəsi, nə də dili bizim əqidə ilə düz gəlmir. 5-ci reaksiya da Türkiyədən gəlib. Sultan Həmid Rusiyanın Türkiyədəki səfirinə tapşırıb ki, o jurnaldan bu ölkəyə bir dənə də gəlməsin. Gəlsə, səni qovacam. Bütün bu təzyiqlər ona həqiqəti yazdığına görə olub. Tarix fırlandıqca, Mirzə Cəlilin gördükləri daha da aşkara çıxır».

Rafiq Əliyev


100 İLDƏN ÇOX VAXT KEÇSƏ DƏ...

Yazıçıya görə, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, indi də yenə eyni zümrə tərəfindən bu kimi təzyiqlər davam etməkdədir.

Akademik Rafiq Əliyev isə bildirib ki, «Molla Nəsrəddin»in obyekti cəmiyyət idi, o, cəmiyyəti dəyişmək istəyirdi. Rafiq Əliyevə görə, Mirzə Cəlil heç vaxt hakimiyyət məsələsini müzakirə etməyib:

«Bizdə isə hakimiyyət qəzetləri iqtidarı müdafiə edir, bəzi müxalifət qəzetləri də müxalifəti».

RAMİZ RÖVŞƏN: «CƏMİYYƏTDƏ YALANA QARŞILIQLI ÖYRƏŞMƏ GEDİR»

Şair Ramiz Rövşən isə adamların yalana öyrədildiyini deyib. O, insanların yalana öyrədilməsinin cəmiyyət üçün ən böyük bəla adlandırıb:

Ramiz Rövşən

«Yalana qarşılıqlı öyrəşmə gedir. Bu, ədəbiyyatda da, cəmiyyətdə də gedə bilər və gedir də. Yazıçı yalanla oxucunun beynini zəhərləyir. Sonra oxucu da o yalanlara uyğunlaşır. Oxucu daha artıq yalan istəyir. Belə-belə başlayır bir-birinin qarşılıqlı əxlaqını pozmağa. Yalan şirin olur, yalan bizim heysiyyətimizi sığallayır. Fikrimcə, öz düşməni haqqında belə şər və böhtan deyən şərəfsizdir. Biz avtomobil də minirik, avropalıların çoxundan da yaxşı geyinirik, amma içimizdəki o feodal düşüncə, nadanlıq hələ də qalıb. Həm də məlum olur ki, bizi bu günə qoyan «minbərdəkilər» deyilmiş. İçimizdəki xurafatı, nadanlığı ancaq dinimizin adına yazmaqla razı deyiləm. Bütün bəlalar yalandan gəlir. Yalançı ədəbiyyatdan, yalançı elmdən və sair».

Mediada, cəmiyyətdə baş alıb gedən yalanlara keçmiş deputat Gültəkin Hacıyeva da münasibət bildirib. Onun fikrincə, Mirzə Cəlilin 106 il əvvəl «Molla Nəsrəddin» jurnalını yaratmaqda məqsədi tək olan həqiqəti tapmaq idi.

Gültəkin Hacıyeva


GÜLTƏKİN HACIYEVA: «İNGİLİSLƏRDƏ «HƏQİQƏT» SÖZÜ HƏMİŞƏ MÜƏYYƏNLİK ARTİKLİ İLƏ YAZILIR»

«İngilis dilində iki artikl var - müəyyənlik və qeyr-müəyyənlik. İngilis dilində «yalan» sözü həmişə qeyri-müəyyənlik, «həqiqət» sözü isə müəyyənlik artikli ilə yazılır. İngilislər bunu belə izah edirlər ki, yalan saysız-hesabsızdır, amma həqiqət həmişə birdir. Ona görə də bu söz müəyyənlik artikli ilə yazılır».

Amma Gültəkin Hacıyevanın «İqtidar qəzetlərində çox dəyərli insanlar tanıyıram ki, onlar ailəsini dolandırmaq üçün yalan yazan qəzetlərdə işləməyə məcburdurlar» deməsi etirazla qarşılanıb. «Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib ki, belə insanlara dəyər verməyin əleyhinədir.

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də həmkarını müdafiə edib. O, mətbuatın yalan yazmaq kimi öhdəliyi olmadığını deyib.