Ermənistan 3 əsgərinin öldürüldüyünü bildirir

Arxiv foto: Ermənistan əsgərləri.

Ermənistan rəsmiləri bildirirlər ki, Azərbaycandan sərhədi keçmək istəyən silahlı adamlarla toqquşmada 3 əsgəri həlak olub, xeyli sayda da yaralı var. Ermənistan hadisənin Tavuş rayonunda baş verdiyini bildirir. Bu rayon Ermənistanın şimalında Azərbaycan və Gürcüstanla sərhəddir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə “Trend”ə açıqlamasında bu xəbərə belə münasibət bildirib: “Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var. Ermənistanın daxilində baş qaldıran siyasi çəkişmələr və qrup maraqları ordunun içərisinə də yol taparaq silahlı münaqişələrə rəvac verir”.

Ermənistan qoşunları Azərbaycanın Qarabağ bölgəsi onun ətrafındakı bir neçə rayonunu işğal edib. Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması 1994-cü ildən qüvvədə olsa da tərəflər tez-tez bir-birini onu pozmaqda ittiham edirlər.