Bakıda Morningstar'ın ABŞ səfiri rolunu belə təsəvvür edirlər

Arxiv foto: ABŞ Konqresinin binası

-

İyunun 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində prezident Barack Obama'nın Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürdüyü Richard Morningstar'la bağlı müzakirələr davam edib və Komitə onun namizədliyini təsdiq edib. İndi yaxın günlərdə Senatın tam təsdiqindən sonra Morningstar vəzifəsinin icrasına başlayacaq.

Richard Morningstar ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsidir. O, keçmiş Sovet respublikalarında və Avropa Birliyi ölkələrində ABŞ-ın səfiri vəzifələrində çalışıb, müşaviridir.

İyunun 14-də Senatın Xarici Əlaqələr Komitəsində müzakirələrin ilk günü Morningstar bildirib ki, təsdiq edilsə, Azərbaycanda müasir demokratiyanın qurulması üçün əlindən gələn bütün köməyi edəcək.

O, həmçinin Avropanın qaz təchizatı üçün Bakı ilə işləyəcəyini, Dağlıq Qarabağ münaqişəsini və İranın Azərbaycana təsirini nəzarətdə saxlayacağını deyib.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Matthew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza cəmi 1 il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E.Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikir.

ZAHİD ORUC: «SƏFİRİN GƏLMƏSİ 2013-CÜ İLDƏ DAHA FƏAL SİYASƏTƏ YOL AÇA BİLƏR»

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, Richard Morningstar Azərbaycana və Cənubi Qafqaz regionuna bələd bir insandır. Deputatın fikrincə, bu amil onun namizədliyi bütövlükdə təsdiqləndikdən sonra Amerikanın bölgədə maraqlarının daha aktiv şəkildə həyata keçəcəyinə müəyyən bir ümid yaradır. Belə ki, ABŞ-ın bölgədəki maraqları bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir.

Bir sıra hallarda üst-üstə düşən planlar mövcuddur, əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur.

Zahid Oruc

Zahid Oruca görə, müəyyən ara fasilələri ilə Azərbaycanda səfirin olmaması fonunda sanki Amerikanın maraqları burada geri çəkilmiş kimi görünürdü.

Bundan təkcə rəsmi Vaşinqton itirmirdi. Həmçinin, Azərbaycanın da müəyyən itkiləri var idi:

«Belə olan təqdirdə mən çox arzulayıram ki, Amerika öz diplomatik korpus heyətini və siyasi komandasını burada aktiv bir fazada çalışdırsın. Bu fonda Richard Morningstar yaxşı bir namizəddir.

Baxmayaraq ki, Naxçıvanda xaçkarlar (Culfa şəhərindəki erməni qəbiristanlığı - Red.) və sairə ilə bağlı dilə gətirdiyi mövqeni qətiyyən bölüşmürəm. Azərbaycan dövləti tərəfindən də bununla bağlı aydınlaşdırılmaların, açıqlamaların verilməsini zəruri sayıram.

Azərbaycan qəbiristanlıqlarının nişanələrini, izini belə dağıdan Ermənistan fonunda ölkənin harasındasa erməni izi axtarmaq doğru deyil. Bütövlükdə götürdükdə hesab edirəm ki, Richard Morningstar'ın bir namizəd kimi iqtisadi sahədən çıxması onun heç bir halda Amerikanın bölgədə öz geosiyasi və digər xarakterli planlarından imtina edəcəyi anlamına gəlmir».

Zahid Oruc əlavə edir ki, Richard Morningstar Azərbaycana səfir gəlməsi 2013-cü ildən başlayaraq müəyyən mənada daha fəal siyasətə yol aça bilər. Hər halda deputat bunu arzulayır və yeni səfir təyinatının ABŞ-Azərbaycan arasındakı əlaqələrə yaxşı təsir göstərəcəyini

İsa Qəmbər

düşünür.

İSA QƏMBƏR: «MARAQLI HADİSƏDİR»

Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, Richard Morningstar Amerika siyasi elitasına daxil olan kifayət qədər tanınmış bir şəxsdir. Onun ABŞ-ın Azərbaycanda səfiri təyin olunması maraqlı bir hadisədir. Çünki Richard Morningstar bölgəni yaxşı tanıyan, regionla bağlı bir çox layihələrdə önəmli rol alan, xüsusən enerji məsələlərində həlledici mövqelərdə olmuş bir adamdır.

Təbii ki, belə bir təcrübəli və bölgəni, bölgənin problemlərini bilən bir şəxsin Azərbaycana səfir təyin olunması müəyyən məqsədlərdən xəbər verir:

«Hesab edirəm ki, onun səfirliyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət istiqamətdə inkişafına xidmət edəcək. Birləşmiş Ştatların ənənəvi üç hədəfi - təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi-iqtisadi islahatlar, demokratikləşmə istiqamətində müsbət nəticələr verəcək».