Sayman Aruz. Ağzımdaki diş çürüdü

-

Ağzımdaki diş çürüdü,
Gözümü eynək bürüdü,
Hamı üstümə hürüdü
Hürüməmiş dayanmadı!

Tindən-tinə qovulmuşam,
"Sim"dən "cin”ə qovulmuşam,
Mən tərsinə dogulmuşam
Doğru üzüm oyandadı!

Bığım Təbrizin bığıdır,
Bağım Qarabağ bağıdır,
Buğumdaki neft buğudr
Bakıda, Neftalandadı.

Deyirlər ki, toy olacaq,
Bunların cibi dolacaq,
Olmuşuq kukla, oyuncaq
Hərə bir cür oyundadı.

Özü belimdən yaranan,
Sözü dilimdən yaranan,
Təklif edir lal olasan
Məsləhətin də bundadı.

Uzan qulağım, hey uzan
Yaxşı yozur yuxu yozan
Bizə alın yazı yazan
Kimsə bilir hayandadı?