NARINGÜL. Yarı yer, yarı göy adam

-

Yarı yer, yarı göy adam

Ömrü vərəqlərə yığsan,
Bir gözəl təqvim alınar.
Göy üzünün altında yer,
Üstündə tanrı dayanar.

Baxarsan hər tərəf adam,
Darıxarsan adam deyə.
Ömür nədir beş addım yol
Darıxarsan yerdən göyə.

Darıxıb göyə baxarsan
Göyüzü bomboş görünər.
Bəlkə, dünyada adamlar
Tanrını qorxudan sevər...

Bir gözəl ölüm istərsən
Adamlardan uzaq, adam.
Öz içində gizlənərsən
Olarsan yalquzaq,adam.

Canını yerdə dincə qoy.
Göyün üzünə öl, adam.
Onsuz da bütöv deyilsən
Yarı yer, yarı göy adam..