«Ermənilər isterika içərisindədirlər»

Novruz Məmmədov

«Yeni Azərbaycan» qəzeti sentyabrın 7-də Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəni verib. Müsahibəni ixtisarla təqdim edirik.

«AZƏRBAYCANI ÖYRƏTMƏK, YOL GÖSTƏRMƏK LAZIM DEYİL»

ASALA təşkilatı açıq-aydın şəkildə azərbaycanlı diplomatları hədələyib və onların «layihəsi»nə görə, Ramil Səfərovun Azərbaycana verilməsində iştirak edən diplomatlarımızı «cəzalandırmağı» qərara alıblar. Məsələ burasındadır ki, dünya ictimaiyyəti bununla da terrorçunun kim olduğunu, kimin terrorçu fəaliyyətlə məşğul olduğunu görməlidir. Ermənistan tərəfinin belə - açıq şəkildə terroru dəstəkləyən mövqe ortaya qoyması, həm bu ölkənin terroru dəstəklədiyini təsdiqləyir, həm də ASALA kimi terrorçu təşkilatları ruhlandırır. Elə bil ki, Ermənistan tərəfinə bir bəhanə lazım idi ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, danışıqlar, sülh yolu ilə həllini uzatsınlar, mane olsunlar.

Digər tərəfdən, çox təəssüflər olsun ki, hətta bəzi təşkilat rəhbərləri belə regionda baş verən hadisələrə düzgün yanaşmırlar, düzgün təhlil etmirlər, düzgün mövqe bildirmirlər. Ona görə də, yazırlar ki, guya bu hadisə regionda gərginliyin azalmasına mane olur. Amma hamı bilir ki, əsas məsələ bundan ibarət deyil. Bütün dünya da bilir ki, regionda gərginliyin azalmasına mane olan proses və hadisə Ermənistanın Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlamasıdır. Əgər o dairələr ədalətlidirlərsə, qərəzli deyillərsə, buna mövqe bildirməlidirlər.

Digər tərəfdən, Ermənistan dövlətinin rəhbərlərinin özləri terror təşkilatında olublar, terror törədiblər. Xocalı soyqırımını da onlar törədiblər, Azərbaycan ərazisində onlarla qətl hadisələrini onlar törədiblər. Çox təəssüflər olsun ki, bütün bunlarla bağlı, Qərbdəki həmin dairələr, müxtəlif mətbuat orqanları heç bir mövqe bildirmirlər. Bütün bunların hamısı təəssüf doğurmaya bilməz. Bununla belə, Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir və Azərbaycan hansı addımları atdığını bilir. Ona görə də, Azərbaycana qarşı bütün bu dairələrin daha ədalətli olması ən yaxşı yoldur və Azərbaycanı öyrətmək, ona hansısa yol göstərmək də lazım deyil.

«ERMƏNİLƏR İSTERİKA İÇƏRİSİNDƏDİRLƏR»

- Ermənistan parlamenti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin tanınması ilə bağlı sənəd hazırlayıb və yaxın zamanlarda bu layihənin müzakirə olunacağı gözlənilir. Beynəlxalq hüquq baxımından Ermənistanın bu, növbəti təxribatını necə şərh edərdiniz?

- Hazırda ermənilər isterika içərisindədirlər. Ağıllarına gələn addımları atmaları da bunu göstərir. Qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınmasına dair fikirlər də bu addımlardan biridir. Bununla onlar indiyədək görülmüş işlərin hamısının üstündən xətt çəkərək özlərinin işğalçı olduqlarını və işğalçı siyasət həyata keçirdiklərini, başqa bir dövlətin ərazisinə artıq hüquq çərçivəsində deyil, birbaşa, zorla sahib olmaq istəklərini büruzə verərlər. Bu da onlara baha başa gələr və onlara böyük zərbə olar.

«ŞAİRLƏRİN BURAXILMASI NARAHATLIĞA SON QOYA BİLƏR»

- Novruz müəllim, İranda həbs olunan iki azərbaycanlı şair iki gün öncə azad olunub. Bundan sonra isə İran rəsmiləri Azərbaycanla münasibətlərin gələcək perspektivləri ilə bağlı müsbət fikirlər səsləndirdilər. Belə demək mümkündürmü ki, bir müddət əvvəl İran-Azərbaycan münasibətlərində özünü göstərən narahatlıq aradan qaldırılıb?

- Çox təəssüflər olsun ki, son vaxtlarda İranın müəyyən dairələrində, hərbi dairələrdə, dini dairələrdə, səlahiyyətləri olmadan, dövlətin xarici siyasətinə müdaxilə olan müxtəlif bəyanatlar səsləndiriblər. Şübhəsiz ki, buna da reaksiya verilib. Ancaq mən düşünürəm ki, İran tərəfindən də başa düşülüb ki, münasibətlərin belə məcrada davam etməsi, hansısa kənar qüvvələrin maraqlarına uyğun gələ bilər. Yəni bu iki dövlət arasında dostluq və mehribanlıq bəzilərinin xoşlarına gəlməyə də bilər. Eyni zamanda, İran prezidentinin əlaqələrimiz haqqında müsbət fikirləri, İranda həbsdə olan gənc şairlərimizin azadlığa buraxılması və digər müsbət addımlar şübhəsiz ki, son zamanlar münasibətlərimizdə müşahidə olunan bəzi narahatçılığa son qoya bilər. Düşünürəm ki, belə addımları davam etdirməklə, münasibətlərimizi layiq olduğu ən yüksək səviyyəyə qaytarıb, onu daha da dərinləşdirə və inkişaf etdirə bilərik.