Rəsulzadə Çəmənzəminli haqda "Şərəfsiz aqibət" yazısını niyə yazdı? (2-ci yazı)

Sevda İsmayıllı

-

Çəmənzəminli "Kommunist" qəzetində çap edilən "Müsavatçıya məktub" məqaləsində yazır:

"Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz".



Sevda İsmayıllı


BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR

(Kamran Məmmədovun “Məşələ dönmüş ömür” monoqrafiyası əsasında)


İkinci yazı
birinci yazı burda


“VƏTƏN NAMİNƏ ÇALIŞMAQDAN YORULMAYAN YUSİF VƏZİROV ƏFƏNDİ”

1917-ci il inqilabını Yusif Vəzir Kiyevdə qarşılayır: “Böylə bir halda Ukraynada biz özümüzü yalqız gördük. Heç bir hazırlığımız olmadığı halda Rusiya inqilabını qarşılamağa məcbur olduq. Siyasi təşkilata böyük ehtiyac hiss edilirdi”. Yusif Vəzir belə yazır. Belə bir vaxtda - 1917-ci ilin noyabrında Kiyevdə yaşayan azərbaycanlılar Y.V. Çəmənzəminlinin təşəbbüsü ilə Türk Ədəmi Mərkəziyyət Firqəsi “Müsavat”ın Kiyev şöbəsini yaradırlar.

Cümhuriyyətin elanından sonra həmin şöbə Azərbaycanın Ukraynada siyasi nümayəndəliyini qurur və “Müsavat”ın Kiyev şöbəsi konsulluq kimi fəaliyyət göstərir. Yusif Vəzir həm konsulluq şöbəsinin sədri, həm də Cümhuriyyətin Ukrayna səfiri olur. Bu illərdə o, Azərbaycanı tanıtmaq sahəsində fəal iş aparır. Bakıda onun bu mövzuda iki kitabı çap olunur. Cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzetində məqalələr yazır.

Qəzetin 1919-cu il 239-240-cı nömrələrində “Vətən mənafeyi uğrunda çalışmaqdan yorulmayan Yusif bəy Vəzirov əfəndinin” Bakıya gələrək parlament binasında—“Müsavat”a məxsus otaqda məruzə etdiyi də bildirilir. İclası M.Ə. Rəsulzadə açır və Yusif Vəziri təqdim edir...Elə həmin yazıda Yusif Vəzirovun tezliklə İstanbul səfiri olacağı da xəbər verilir.

RƏSULZADƏ İLƏ YUSİF VƏZİRİ NƏ BİRLƏŞDİRİRDİ?

Yusif Vəzirin araşdırıcısı Tofiq Hüseynoğlunun yazdığına görə, Kiyev şöbəsinin rəhbərliyindən başqa 1917-ci ildə Çəmənzəminlinin ”Azərbaycan muxtariyyəti” kitabı çıxanda Rəsulzadənin “Açıq söz” qəzetində bu kitabla bağlı məlumat verilib. Onun ”Arvadlarımızın halı” kitabını müsəlman mətbuatının hücumlarından da qoruyan Rəsulzadə olub. Araşdırıcı bu fikrə gəlir ki, hər iki xadim bir-birinin ideya-siyasi və ədəbi fəaliyyətilə maraqlanıb və diqqətlə izləyib.

Təsadüfi deyil ki, Çəmənzəminli “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını Rəsulzadəyə ithaf edib: “Əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm”. Hətta kitabın Bakı ilə bağlı bölməsində bir cümləyə rastladım. Yusif Vəzir yazır: “Müsavat” firqəsinin lideri və istiqlalımız yolunda mühüm rollar oynamış Məhəmməd Əmin Rəsulzadə də bakılıdır”. Bəs bir-birinə hədsiz hörmət-izzətlə yanaşan bu iki şəxs sonradan niyə düşmənə çevrildi? Yusif Vəzir “böyük mürşidini” nədən tərk etdi? Niyə “şərəfsiz aqibət"lə üzləşdi?

“SABİQ İSTANBUL ELÇİSİ” “MÜRŞİDİ”NDƏN NİYƏ ÜZ DÖNDƏRDİ?

İndicə adını çəkdiyimiz kitab 1921-ci ildə İstanbulda çıxıb. Kitabın cildində “Yusif bəy Vəzirov, Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” –sözləri yazılıb (Bu kitabın yeganə nüsxəsi Ceyhun bəy Hacıbəylinin arxivi ilə birgə Bakıya gətirilib və təzədən çap olunub). Demək, bu iki şəxsin 1921-ci ilə qədər hələ münasibətləri dəyişməyibmiş. Araşdırıcılar bu münasibətin dəyişməsinə Cümhuriyyətin Daxili İşlər Naziri, İstanbulda mühacirət həyatı sürən Xəlil bəy Xasməmmədlinin səbəb olduğunu yazırlar. Elə Yusif Vəzirin “Müsavatçıya məktub”unda da Xəlil bəy Xasməmmədli atəşə tutulur. Araşdırıcılar bu iki şəxs arasında ixtilafın kitab çıxan ildən (1921) başladığını deyirlər. 1923-cü ildə Parisdə Rəsulzadəylə görüşən Yusif Vəzir Xəlil bəydən şikayət edir. Rəsulzadə isə Xəlil bəyi “Müsavat”ın “rüknü”—dayağı hesab etdiyini deyir. Bu söz Yusif Vəziri şoka salır və o, “Müsavat”dan çıxır...

NƏDƏN PARİS?

Bir az əvvələ boylanaq. Kamran Məmmədovun kitabında bir məqama da toxunulur. Onun yazdığına görə, səfir postundan istefa verən Yusif Vəzir bu barədə Batumdakı sovet konsulluğunu da məlumatlandırır və nə etmək lazım olduğunu soruşur. Cavab almır. O vaxt Sovet Azərbaycanının Türkiyədəki xarici ticarət nümayəndəsi Cavanşirə (nədənsə "Cavanşir" yazır—amma bu, Behbud xan Cavanşirdir) üz tutur. Behbud xan onu işə düzəldəcəyinə söz verir. Amma Behbud xan İstanbulda “Daşnaksütyun” partiyasının üzvü Torlakyan tərəfindən öldürülür. İşə düzəlmək xəyalları boşa çıxır. Azərbaycana qayıdarsa başına nələr gələcəyini bilmir. Çarəsiz Yusif Vəzir 1923-cü ilin əvvəllərində qardaşının yanına--Parisə gedir.

BİR NEÇƏ MİLYON FRANK?!

Çəmənzəminli məktubunda Cümhuriyyətin süqutundan sonra 8 ay maaşsız—sıxıntı içində işlədiyini yazır. Və dediyinə görə, 1920-ci ilin sonlarında Parisdə olan Əlimərdan

Məhəmməd Əmin Rəsulzadə

bəy Topçubaşovun əlinə bir neçə milyon frank pul düşür (?!). O üzdən də səfirliyə maraq artır. Və Xəlil bəyi ayda 15 min frank maaşla Yusif Vəzirin yerinə qoymaq istəyirlər...(Yusif Vəzir 3 min frank alırmış). Xəlil bəy yazıçının rəsmən səfirlikdən çəkilməsinə razı olmur. Əlimərdan bəyin də səlahiyyəti səfir təyin etməyə çatmır. Odur ki, Yusif Vəzir İstanbul səfiri olmaqda davam etməliymiş və pulları da Xəlil bəy almalıymış.

Yusif Vəzir bu şərtə razılaşmır və istefa verir. Bu versiya “Müsavatçıya məktub”dandır. Daha sonra soyuqluğa səbəb olan bir sıra əməllər də sadalanır--Yusif Vəzirin İstanbula gələn mühacirləri yaxşı qarşılamaması, “Gəncə üsyanı” iştirakçıları ilə Cümhuriyyət qurucuları arasında yaranan ixtilafda birinciləri müdafiə etməsi və s...

VƏRƏMLİ QARDAŞ VƏ BOŞ CİB...

Parisə qardaşı Mirinin yanına gedən Yusif Vəzir böyük müsibətlərlə qarşılaşır. Təhsilini bitirib bankda işləyən qardaşı vərəmə tutulur. Özü zavod və fabriklərdə fəhləlik edir və aldığı maaşla qardaşına kömək edə bilmir. Qürbət eldə neyləməli? Yusif Vəzir Parisdə yaşayan Əlimərdan bəyə üz tutur. Topçubaşı ona kömək edə bilməyəcəyini söyləyir.

Məktubunda Yusif Vəzir Əlimərdan bəyin kef içində, villada yaşadığını, əlinə “millət naminə” paralar keçdiyini, övladlarının kurortlarda dincəldiyini yazır. Qürbətdə ac-suzsuz qalan bir adam üçün Əlimərdan bəyin kirayə evi bəlkə də villa kimi görünə bilərdi...Amma axı, Əlimərdan bəyin təzəcə çap olunmuş məktublarında hər sətirdə necə maddi sıxıntı yaşadığı bildirilir. Tramvay puluna qənaət edib piyada dolaşdığı vurğulanır...

Qardaşının istəyilə Yusif Vəzir İstanbula Rəsulzadəyə məktub yazır, “istiqbal və əfkari-ümumiyyə naminə xəstəyə yardım” istəyir. Amma yazdığına görə, o da cəmi 3 dollar pul göndərir. Üstəlik, bir məktub yazaraq onu “istiqraz” sövdasından əl çəkməyə çağırır: “Cavabında Məhəmməd Əmin istiqrazı «vəhy» deyə izah edir və məni də təhdidlə qorxudurdu”. Əmin bəyin İstanbulda necə maddi sıxıntı çəkdiyini elə bizim "İz" verilişimizdə Türkiyəli araşdırıcılar dönə-dönə vurğulamırdılarmı?

Hər halda, mən kimi isə müdafiə etmək fikrindən uzaq olmağa çalışıram. Sadəcə, yadıma düşən faktları sadalayıram. Deyəsən, xəstəyə sonda Ceyhun bəy Hacıbəyli kömək edir. Amma artıq gec imiş. Xəstəlik bağırsağa keçibmiş...

Yusif Vəzir Bakıda tələbələri ilə birgə, 1926


"ƏQİDƏM KOMMUNİST ƏQİDƏSİ İLƏ DÜZ GƏLİB"

Yusif bəy bir müddət işsiz qalandan sonra Fransa KP-nin orqanı olan “Paris xəbərləri” qəzeti ilə əməkdaşlıq edir. “Şərq məktubları” adlı məqalələr yazır. Və bu qərara gəlir ki, “mənim əqidəm həmişə kommunist əqidəsi ilə düz gəlibdir”. Onun səfir postunu tərk edib Parisə getməsi, kommunist orqanında işləməsi, partiyadan çıxması, üstəlik, partiyadan çıxması ilə bağlı Bakıda çıxan “Kommunist” qəzetinə xəbər göndərməsi Parisdəki və İstanbuldakı mühacirlərin qəzəbinə səbəb olur. Rəsulzadə “Yeni Qafqasiyyə” qəzetində “Şərəfsiz aqibət” adlı məqalə yazır...

YUPİTER, SERDİŞSYA—ZNAÇİT TI VİNOVAT

“Şərəfsiz aqibət” yazısına Yusif Vəzir nifrət dolu cavab yazır—özü də, harada-harada—Azərbaycan KP-nin orqanı olan “Kommunist” qəzetində. Yuxarıda adını çəkdiyim “Müsavatçıya cavab” adıyla. Başlığa çıxardığım “Yupiter, hirslənirsən, demək, günahkarsan”—məsəli də həmin məktubdandır. Məktubda daha nələr yoxdur?

“Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər «mlli məfkurə» bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qovmi bir təşkilat isə, yox olsun o məfkurə”...

"“MÜSAVAT” BAŞÇILARININ AĞALIĞI MÜVƏQQƏTİDİR”

Yusif Vəzir Əlyazmalar Fondunda saxlanan bir yazısında qeyd edir ki, həyatının ən kədərli dövrü siyasətlə məşğul olduğu vaxtlardır. Özünü təbiətcə “maarif və mədəniyyət adamı” adlandıran yazıçı ədəbiyyatla yaşadığını və bu üzdən xaricə getdiyini deyir: “Müsavat dövründə mən Azərbaycanda cəmi-cümlətanı bir ay olmuşam və məndə belə bir inam olub ki, özlərini ölkənin yiyəsi kimi aparan Müsavat başçılarının ağalığı müvəqqətidir. Müsavat hakimiyyətinin nümayəndəsi olmağım da təsadüfi olub. Elə ona görə də, Sovet hökuməti gələn kimi vəzifədən istefa vermişəm...”

BAKI! NİCAT SAHİLİ!

Kamran Məmmədovun yazdığına görə, Yusif Vəzirin Bakıya qayıtmaq fikri çoxdan

Yusif Vəzir Bakıda

varmış. Qardaşı ölməmişdən əvvəl də o Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ərizə yazıbmış. O, Musabəyovu Bakıda yaşadığı illərdən tanıyırdı. Kiyevdə də birlikdə oxumuşdular. Qəzənfər Musabəyov tibb fakültəsində təhsil alırmış. 1926-cı ilin əvvəllərində Yusif Vəzir ərizəsinə müsbət cavab alır. Aprelin 3-də Çəmənzəminli artıq Bakıda idi. O, üzüqoylu düşüb Vətən torpağını öpür və göz yaşları içində deyir: “...Vətən torpağı mənim üçün macəralı dənizdən sonra görünən nicat sahili idi...”


ARDI VAR:

--Nicat sahili Çəmənzəminlini necə qoynuna aldı?

--Yazıçı Bakıda Bünyad Sərdarov küçəsindəki daracaq mənzilində necə yaşadı, nələr yazdı?

--Nədən Urgəncdəki pedaqoji institutda işləməyə getməyə məcbur oldu?

--Niyə Suxobezvodnaya stansiyasında dünyasını dəyişdi?

--Nicat sahilinə üz tutmağa dəyərdimi?..