55 manat təqaüd ümidinə qalan evsiz əlil

Arxiv foto

Cəlilabadın Alar kəndində yaşayan 31 yaşlı Xəqani Səlimov AzadlıqRadiosunun «Qaynar xətti»nə şikayət edib ki, 1-ci qrup əlildir, evi yoxdur. Gündə bir qohumunun evində yaşayır. Deyir, iş o yerə çatıb ki, artıq qohumlar da ona yiyə durmaq istəmir.

«İki ayaqdan şikəstəm, yetimçiliklə böyümüşəm, nə vaxta qədər onun-bunun himayəsində yaşamaq olar? 34 yaşım var, artıq qohumlar da məndən bezib. Deyirlər get, ev tələb et, vermirlər, de ki, canıma qəsd edəcəm. Qohumları da qınamalı deyil, 11 yaşından atamı-anamı itirmişəm».

Xəqani Səlimov deyir ki, uzun müddətdir mənzillə təmin olunmaq üçün rayon İcra Hakimiyyətinə gedib-gəlir. Ancaq ona göstərilən ən böyük səxavət budur ki, 10 manat verib, elə qapıdan yola salırlar. Deyirlər get, ev tikilən kimi sənə də mənzil veriləcək.

Əlil: «O ev tikilənə kimi mən harada yaşamalıyam. Mən başa düşürəm ki, nə vaxtsa o ev tikiləcək. Bax, indi bir qohumun evində qalıram, o da xəbərdarlıq edib ki, oğlunu evləndirir, yəni evi boşaltmaq lazımdır. Dedikləri o ev tikilənə kimi mən haradasa yaşamalıyam, ya yox? 55 manat əlil təqaüdü ilə necə dolanım, necə kirayə pulu verim?».

ƏLİLƏ GƏRƏK QOHUMLARI YİYƏ DURSUN

Cəlilabad rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, Qarabağ əlillərinə və şəhid ailələrinə evlər tikilir, bu iş Cəlilabadda da görülür. Həmin mənzil növbəsinə ümumi əlil olmasına baxmayaraq Xəqani Səlimovun da adı salınıb. Buna qədər isə tək əlilə gərək qohumları yiyə dursun. İcra hakimiyyətindən onu da bildirdilər ki, əlilə müvəqqəti yaşamaq üçün iki dəfə tək otaqlı ev təklif olunsa da razılaşmayıb.

Xəqani Səlimov isə deyir ki, təklif olunan evlər şəraitsiz olduğuna görə istəməyib:

«Mən əlil adamam. Mənə elə ev təklif eləsinlər ki, heç olmasa içərisində özümü idarə edə bilim. Birotaqlı ev təklif etmişdilər, mətbəxi də, tualeti də yox idi. Evdə istilik də yox idi».

İcra hakimiyyəti isə əlilə səbirli olmağı tövsiyə edir.