Əkrəm Əylisli. Gecə canımı dişimə tutub qəbiristanlığa getdim

Əkrəm Əylisli

-

Əkrəm Əylisli


Hamı belə başlayır...

Yazmağa lap uşaqlıqdan başlamışam. Hamı necə başlayır, mən də elə. «Şeir» də yazmışam, «pyes» də, «poema» da yazmışam. Nə üçün yazmışam, düzü, bilmirəm. Bircə şeyi bilirəm ki, VI-VII siniflərdə oxuyanda, artıq, yazmaya bilmirdim.

Yazmağa öyrəşmişdim, necə ki, adamlar papiros çəkməyə öyrəşirlər. Yazdıqlarımın hamısı pis idi, zəif idi, çünki oxuduqlarımın təsiri altındaydım. Öz yazımı mütləq kiminsə yazısına oxşatmaq istəyirdim, ayrı cür mümkün də deyildi.

Yazmağa hamı belə başlayır, bu işin təbiəti belədir. Bu, bir yuxudur ki, hamı onu görür; hamı bu yuxuda olur. Bəlkə də bu yuxunu doyunca yatmasa, yəni özündən əvvəl yazanların təsirinə möhkəmcə qapılmasa, heç kəs normal yazıçı kimi yetişə bilməz, necə ki, uşaq doyunca yatmayanda böyümür.

Ancaq ən böyük bədbəxtlik odur ki, bu yuxudan heç vaxt ayılmayasan – yazdıqlarını həmişə kiminsə yazdığına oxşadasan. Yazıb-pozan adam üçün əsl faciə budur. Belələri ömürləri boyu yuxuda olurlar – ədəbiyyat yuxusunda, yazıçılıq xülyasında – bəzən kitabları da çıxır, adları da çəkilir, ancaq belələri heç vaxt yazıçı olmurlar.

Məndə yazıçılıq işinə əsl hörmət, əsl məhəbbət, dediyim təsirlərdən az da olsa ayrılandan, ayılandan sonra əmələ gəlib. Barəsində həmişə yazdığım kəndimizin özünü də mən bundan sonra görmüşəm. Olduğu kimi görmüşəm. Gördüyüm kimi görmüşəm və məhz buna görə də, yəqin ki, kəndimiz barədə yazdıqlarım oxucuları razı salıb…

1968


Yazmağın məsuliyyəti

Bəli, yazmağa çox tez başlamışam və o vaxt mənim yazmaqdan savayı da çox şeylərə həvəsim vardı: ağacların ən uca budaqlarına çıxmaq həvəsim; üzmək həvəsim; at çapmaq həvəsim... Ağacların uca budaqlarına çıxmağın oradan düşmək qorxusu vardı... Üzməyin batmaq, boğulmaq qorxusu vardı... Yəhərsiz-yüyənsiz at belindən yerə çırpılmağın da qorxusu az deyildi... Sonra, bir gecə, canımı dişimə tutub, kəndimizin qəbiristanlığına tək-tənha gedib-gəlməyim yadıma düşür, çünki gecələr dünya qorxulu olurdu və dünyanın ən qorxulu yeri həmin o qəbiristanlıq idi... Getdim, qayıtdım. Özüm öz gözümdə xeyli böyüdüm – bu da bir həvəs idi...

Oxuduğum uzun illər boyunca mən «beş»dən aşağı qiymətin nə demək olduğunu bilməmişdim – bu da bir həvəs idi. İlk baxışdan bir qədər qəribə görünsə də, özümün yazmaq həvəsimi mən bunların heç birindən ayıra bilmirəm. Əvvəl şeir yazırdım, amma şeirdə gözüm açılmadı. Bir dənə də öz şeirimi yazammadım, bir kəlmə də öz sözümü deyəmmədim. Mən şeirdə öz səsimi eşidəmmədim, öz nəfəsimi duyammadım. Baxtım orda kəsdi ki, gec deyildi. Birinci hekayəmi yazanda yaşım iyirmidən az idi. Birinci hekayələr kitabçam çap olunanda vur-tut iyirmi bir yaşım vardı. Öz hekayələrimi oxuyub, onlardan arabir öz səsimi eşidəndə mən indi də ürəkdən sevinirəm. Bu səs çox qəribə şeydir, elə bil haradansa tamam başqa bir dünyadan gəlir. Elə bil səni harasa tamam başqa bir dünyaya çağırır. Bu səsə qoşulub quş kimi uçmaq olur. Bu səsi eşidəndə saflaşırsan, kövrəlirsən, yüngülləşirsən. Bu səs sənin səsindir, ancaq səninkidir. Batır da, çıxır da, çoxalır da, azalır da. Ayrı cür, mənbilən, mümkün də deyil...

Mən üzməyi necə öyrənmişəmsə, eynən eləcə də yazmağı öyrənmişəm. Haçansa gecə vaxtı canımı dişimə tutub, bir kənd qəbiristanlığından keçməyimin də, sonralar öz işimdə mənə, yəqin ki, köməyi az olmayıb.

Yaradıcılıq – bu işin məsuliyyətini sözün həqiqi mənasında duymaqdan başlanır. Yaradıcılıq məsuliyyətinin nə demək olduğunu lap ötəri belə təsəvvür eləmək üçün, yəqin ki, heç olmasa bir neçə həqiqi yazıçının həyatını göz qabağına gətirmək, bir neçə həqiqi əsərin yaranma prosesindən xəbərdar olmaq lazımdır...

Yazıçı – harmoniya övladıdır, öz vicdanının, öz mənliyinin, öz qəlbindən gələn səsin dünyada yeganə icraçısıdır. Yazıçı öz ruhi, mənəvi varlığınının orbitində yaşayır. Doğruçuluq, riyakarlığa qarşı amansızlıq, insan ləyaqətinin tapdalandığı hər yerdə hər an ölümün özünə belə tərəddüdsüz hazır olmaq bu orbitdə yaşamağın dəyişməz qanunlarındandır. Dünyanın çox-çox şirin nemətlərindən şüurlu surətdə imtina eləməyi bacarmayanlar bədii yaradıcılığın məsuliyyətini heç vaxt dərk eləyə bilməzlər...
Məsələ çox gəzməkdə, çox görməkdə deyil, baxılan, görülən şeyə yazıçı münasibətinin aktivliyində, passivliyindədir. Yazıçının öz iş stolunun arxasında keçirdiyi vaxtın bəhrəsini, məncə, heç nə əvəz eləyə bilməz. Yazıçı öz iş stolunun arxasında, öz laboratoriyasında, özünün əzablı-işgəncəli saatlarında yetişir. Deməli, məsuliyyət haradasa həm də zəhmət deməkdir. Şeir yazmağı, hekayə yazmağı riyazi düsturları həll etməkdən, kimyəvi reaksiyalara cavab tapmaqdan asan bilib, şeir, hekayə yazmağa başlayanlar, məncə, özlərinə olduqca maraqsız və mənasız bir həyat hazırlayırlar. Belələrini vaxtında ayıltmaq lazımdır.

1974
Ə.Əylislinin "Ədəbiyyat yanğısı" kitabından, Bakı: Yazıçı, 1989