ABŞ Dövlət Departamentindən Əkrəm Əylisli məsələsinə münasibət

Victoria Nuland

-

Fevralın 13-də ABŞ Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə Azərbaycanda yazıçı Əkrəm Əylisliyə olan hücumlarla bağlı sual ünvanlanıb. Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, onlar hadisələri diqqətdə saxlayıblar :

«Biz hadisələrin inkişafını çox diqqətlə izləyirik. Müasir Müsavat Partiyasının təklifini ləğv etməsindən və hüquq-mühafizə orqanlarının bəyanat müəllifini dindirməyə çağırmasından xəbərimiz var. Bu, doğru addımdır. Biz ifadə azadlığına inanır və buna dəstəyimizi bildiririk. Azərbaycan hakimiyyətini cənab Əylisli və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq».

Yazıçı Əkrəm Əylisli keçən ilin dekabrında «Drujba narodov» jurnalında çap olunan «Daş Yuxular» adlı romanına görə Azərbaycanda sərt reaksiyalarla üzləşib. Rəsmi təbliğat vasitələri yazıçını tarixi Azərbaycanla müharibə şəraitində olan Ermənistanın xeyrinə saxtalaşdırmaqda ittiham edir.

Prezident Əkrəm Əylisliyə verilən «Xalq yazıçısı» titulunu və prezident təqaüdünü geri alıb.

Ölkənin müxtəlif bölgələrində yazıçının kitabları yandırılıb.

Bir neçə gün əvvəl isə Hafiz Hacıyev bəyan edib ki, partiya «Daş yuxular» romanına görə, Əkrəm Əylislinin qulağının kəsilməsi və bu işi icra edənlərə 10 min manat mükafat təyin edilməsi barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyindən isə bu qərarla bağlı H. Hacıyevə xəbərdarlıq edildiyi, ona cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələrinin izah olunduğu bildirilib.