Hərbi hissədə müəmmalı əsgər ölümü

-
Martın 16-da Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində əsgər ölüb. Ölən əsgər Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Elvin Niftizadədir.
Dövlət Sərhəd Xidmətinin saytında yerləşdirilmiş məlumatda deyilir ki, Elvin Niftizadə martın 16-da nahar yeməyindən sonra özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə gətirilib. «Müayinə zamanı əsgərin təzyiqinin kəskin surətdə düşməsi aşkar edilib. O, təcili olaraq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, Elvini xilas etmək mümkün olmayıb».
Məlumatda deyilir ki, xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər hansı xarici, yaxud daxili xəsarət alma halının olmaması müəyyən edilib.

Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb.
«Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək».
Məlumatda o da deyilir ki, «bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayılıb. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün isti stifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk».
Elvin Niftizadənin bibisi oğlu Ülvü Quliyev AzadlıqRadiosuna bildirib ki, meyitin üzərində zorakılıq əlamətləri olub: «Gözünün altı göyərmişdi, qaşı partlayıb. Əlləri sivrilmiş, yaralı vəziyyətdə idi. Bu zəhərlənmə deyil. Zəhərlənmə olsaydı, bir nəfər üçün olmamalıydı. Eyni qidanı digərləri də yeyib, necə oldu ki, təkcə bu zəhərləndi?»

Ülvü Quliyev deyir ki, ailəsi əsgəri öldürənin cəzalandırılmasını tələb edir.
Əsgər Elvin Niftizadə 2013-cü ilin yanvarında hərbi xidmətə çağırılıbmış. Meyiti ailəsinə martın 16-da verilib. Martın 17-də səhər dəfn olunub.