Pakistanda gənclərin çoxu demokratiya "yox", hərbi rejimə "hə" deyir

Arxiv foto: Pakistanda oyun oynayan gənclər, 3 sentyabr 2011

Pakistan gəncləri demokratiya yox, şəriət və hərbi rejim istəyirlər. Pakistanda bu günlərdə keçirilmiş rəy sorğusunun başlıca nəticəsi budur.

Ölkədə bir neçə həftədən sonra keçiriləcək tarixi seçkilər ərəfəsində 18-29 yaşlıları arasında soruşulanlardan 94 faizi bildirib ki, Pakistan yanlış istiqamətdə hərəkət edir.
Bu rəqəm 2009-cu ildə 86, 2007-ci ildə isə 50 faiz olub.

Britaniya Şurasının (British Council) keçirdiyi rəy sorğusuna görə gənclərin yalnız 29 faizi demokratiyanın onların ölkəsi üçün ən yaxşı siyasi system olduğuna inanır.

Buna əks olaraq rəyi soruşulanların 32 faizi düşünür ki, ölkə öz tarixinin az qala yarısında olduğu kimi hərbçilər tərəfindən idarə olunmalıdır. 38 faiz ən yaxşı siyasi sitem kimi İslam qanunlarını görür.

Gənclərin yalnız 14 faizi mülki hökuməti dəstəkləyir, 77 faiz ordunun tərəfindədir.

2012-2013-cü illər ərzində keçirilmiş sorğunun nəticələri göstərib ki, ölkənin tarixində ilk dəfə olaraq öz seçki müddətini salamat başa vurmaqda olan Pakistan Xalq Partiyası və prezident Asif Ali Zardari-nin hökuməti gənclərin gözləntilərini çox da doğrultmayıb.

Bu rəy sorğusunun da daxil olduğu hesabatda deyilir ki, Pakistan gəncliyinin hazırkı əhval-ruhiyyəsi bədbin olsa da, onların çılğın vətən sevgisi dəyişməz olaraq qalır.

Hesabatda qeyd olunur ki, mayın 11-də keçiriləcək seçkilərdə iştirak hüququ olan 25 milyonluq əhalinin 30 faizi məhz 18-29 yaşında olanlardır.

Rəyi soruşulanların 60 faizi bildirib ki, qarşıdan gələn seçkidə iştirak edəcək.
Pakistan hazırda bir neçə problemlə üzləşib – axsayan iqtisadiyyat, qeyri-adekvat infrastruktur, ekstremizm təhlükəsi.

Rəyi soruşulanların 44 faizi inflyasiyanı ən böyük problem hesab edir, 19 faiz üçün narahatlıq işsizlikdəndir və yalnız 11 faiz terrordan narahatdır.

Hesbata görə siyasi hakimiyyət təsisatları – hökumət, parlament və siyasi partiyalar adamların ən az etimadına malik qurumlardır.

Ən yüksək etimada malik olanlar isə, məhkəmə sistemi, media və hərbiyyədir.