Məşhur «Oğuzlar» kitabı Bakıda çapdan çıxdı

Ramiz Əsgər

-
«Bizim tariximizin və tarixçiliyimizin naqis bir cəhəti var. Biz indiyədək Səfəvi dövlətini milli Azərbaycan dövləti kimi həzm edə bilməmişik».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına türkoloq Ramiz Əsgər söylədi.

VƏTƏNİN BÖLÜNMƏSİ BUNA ƏNGƏL OLUR...

Onun fikrincə, bu Sovet dövründən qaynaqlanır:

«Bizə elə gəlirdi ki, o, İrandır, ayrı dövlətdir, deyirdilər Cənubi Azərbaycana qarışmayın, siz sovet millətisiniz, 15 müttəfiq respublikadan birisiniz və s... Ona görə də, biz Səfəvi dövlətini öz milli dövlətimiz kimi qəbul etməmişik. Hələ indi onu gənclərə aşılayırıq. Sərhədlər var deyə, bu da onlara bir təhər gəlir...Vətənin parçalanmışlığı və bölünmüşlüyü buna mane olur. Bu tarixi bütöv şəkildə alqılamağa, qəbul etməyə mane olur».

FARUQ SÜMƏRİN «OĞUZLAR»I BUNA YARDIMÇI OLACAQ

Ramiz Əsgər yenicə çapdan çıxmış Faruq Sümərin «Oğuzlar» kitabının bu yöndə yardımçı olacağını düşünür:Faruq Sümər

Faruq Sümər


«Əsrin Dədə Qorqudu»--Faruq Sümər

1924-cü ildə Konyanın Bozqır qəsəbəsində İstiqlal savaşı qazisi Məhmət Zəki Əfəndinin ailəsində doğulub. 1931-ci ildə ailə İstanbula köçüb. Faruq Ələmdar səmtindəki 49 saylı ibtidai məktəbi bitirib. 9-cu sinifdə anası Züleyxa xanımın köməyilə əski yazını öyrənib. Elə bu səbəbdən tarixçi olmaq qərarına gəlib. 1942-ci ildə liseyi bitirib və İstanbul Universitetinin tarix fakültəsinə daxil olub. O dövrün ünlü professorlarından ( M.F. Köprülü, M.X. Yinanç və s.) dərs alıb. 1948-ci ildə universitetin orta əsrlər tarixi kafedrasından məzun olub. Ankara Universitetinin doktoranturasında oxuyub. 1950-ci ildə doktor, 1955-ci ildə dosent ünvanını alıb. Bir müddət İstanbuldakı Süleymaniyə kitabxanasında, London universitetində, daha sonra Ankara Universitetində çalışıb. Faruq bəy ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilirmiş. O, 22 kitab yazıb və 19-nun çapını görüb. Ünlü tarixçinin şah əsəri indi haqqında söz açdığımız «Oğuzlar»dır. Bu əsər Türkiyədə cüzi düzəlişlərlə 5 dəfə təkrar nəşr olunub. Faruq Sümər dünyada tanınan, sayılan türkoloq olub, müxtəlif simpoziumlara, konfranslara qatılıb, yaradıcılıq ezamiyyətlərində olub. Elmi tədqiqatlara daha çox vaxt ayırmaq üçün 58 yaşında təqaüdə çıxıb və İstanbula köçüb. Əski mətnləri zərrəbinlə oxuduğundan, Faruq bəyin sağ gözü tədricən zəifləyib və sonradan tamam tutulub. Üstəlik, əkiz oğlanlarından biri 25 yaşında yol qəzasında həlak olub və bu hadisə ünlü türkoloqu tam sarsıdıb...
Faruq Sümər 1995-ci ildə İstanbulda qaraciyər xərçəngindən vəfat edib və Qozludakı ailə məzarlığında dəfn olunub.

«Bunu oxuyanda biz görərik ki, nə qurmuşuq, nə yaratmışıq—Ağqoyunlu, Qaraqoyunlu, Şah İsmayıl—hamısını anlayarıq».

KİTABI LATIN ŞRİFTİYLƏ ÇAP ETDİRMƏK İSTƏDİM

Ramiz bəy bu əsəri 1992-ci ildə kiril əlifbasıyla nəşr etdirdiyini deyir:

«Ölkənin pis dövrü idi. Yaxşı kağız yox idi. Kiçik şriftlə, qəzet kağızında çap olundu. Bəzi hissələr – xəritə filan getmədi kitabda. O dövrdə kompüter yox, darayıcı yox... Orada Oğuz boylarının yayılma siyahıları vardı—onu da verə bilmədik. Sonra qərara gəldim ki, 20 ildən çoxdur ki, latın əlifbasındayıq, yeni nəsillər yetişib, onlar da kirili oxuya bilmir. Odur ki, bu kitabı latın şrifti ilə buraxmaq lazımdır».

KİTABA YENİ ÖNSÖZ YAZDIM

Ramiz bəy bu işin də elə asan olmadığını bildirdi:

«Təzədən böyük bir əsəri kompüterdə yığmaq lazım gəldi. Xəritələri, siyahıları—çatışmayanları yerinə qoymaq lazım gəldi. İsa Həbibbəyli ilə--kitabın elmi redaktoru ilə bu qərara gəldik ki, əziyyət də olsa, kitabı yenidən buraxmaq lazımdır. Kitaba yeni bir ön söz yazdım—«Faruq Sümər: Həyatı, şəxsiyyəti və əsərləri».

FARUQ SÜMƏRİN ƏN GÖZƏL ƏSƏRİ «OĞUZLAR»DIR

Ramiz Əsgər Faruq Sümərin 22 kitabı olduğunu deyir:

«Ən gözəl əsəri «Oğuzlar»dır. Faruq Sümər dünyada ən böyük oğuzşünasdır. 1995-ci ildə dünyadan köçüb. Oğuzlar türk xalqlarının 3 qolundan biridir. Biz oğuzuq, Anadolu türkləri oğuzdur, türkmənlər, qaqauzlar, Krım tatarları, Ahıska türkləri də həmçinin. Faruq Sümər biz oğuzların tarixini yazıb. 24 oğuz boyunun türk coğrafiyasında—lap qədimdən Orta Asiyadan çıxıb necə yayıldığı, harada məntəqə, kənd, şəhər saldığı, adını qoruduğu, adət-ənənəsini yaşatdığı—hamısını tək-tək yazıb. Azərbaycanı yazıb. Qafqazı yazıb, Anadolunu yazıb, yaxın Orta Şərqi, Suriyanı, Balkanları və s. O qədər böyük və dəyərli əsərdir ki, gənclərimizin bunu oxumasına ehtiyac var».

AZƏRBAYCANLA BAĞLI ƏSƏRLƏRİ VAR

Ramiz Əsgər qalan əsərlərinin bir neçəsinin də Azərbaycana aid olduğunu bildirdi:

«Onlardan birinin adı belədir—«Qaraqoyunlular başlanğıcdan Cahanşaha qədər». 1967-ci ildə yazıb. Bu, «Oğuzlar» qədər vacib əsərdir. Çünki 1387-1468-ci illər arasında Şimali Azərbaycan ərazisində mövcud olmuş böyük və milli dövlətimizin tarixi haqqında ən yaxşı monoqrafiyadır. Başqa bir kitabı—«Səfəvi dövlətinin quruluşu və gəlişməsində Anadolu türklərinin rolu» (Şah İsmayıl ilə xələfləri və Anadolu türkləri) kitabını 1976-cı ildə yazıb. 256 səhifədir. 1992-ci ildə təkrar nəşr olunub. Bu da çox vacib əsərdir—mütləq tərcümə etməliyik.
Sonra daha bir əsəri—«Səlcuqlular dövründə Doğu Anadoluda türk bəylikləri» də bizim coğrafiyaya uyğun gəlir—uzun müddət bu coğrafiya Səfəvilərin əlində olub. Xüsusilə də Ərzurum, Diyarbəkir və s. Faruq Sümərin «Türk dövlətlərində şəxs adları» ikicildliyi də var. Qədim dövrdən başlayıb tarixi şəxsiyyətlərin adlarını analiz edib. Bir də «Kitabi Dədə Qorqud»u ingilis dilinə tərcümə edib 1972-ci ildə-- «The book of Dede Korkut - a Turkish epik»— A.E Uysal və V.S. Valkerlə birlikdə. Daha bir gözəl kitabı «Koroğlunun tarixi şəxsiyyəti»dir. Düzdür, biz Koroğlunu mifə bağlayırıq, amma onun prototipləri var. Kimdir, nəçidir, Cəlairilər üsyanı zamanı neçə Koroğlu adlı başçı olub—onları yazıb».

SAYSIZ MƏQALƏLƏR YAZIB

Ramiz Əsgər bu kitablardan başqa Faruq Sümərin qələmindən çoxlu məqalələr çıxdığını bildirdi:

«Onların sırasında Azərbaycanla birbaşa bağlı olanları da var. Məsələn, «Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış», «Az tanınmış türk hökmdarı Uzun Həsən bəy», «Əfşarlar», «Ağqoyunlular», «Koroğlu, Giziroğlu Mustafa və Dəmirçioğlu haqqında vəsiqələr» və s.».

BİZDƏ BU TİPLİ ƏSƏRLƏR AZDIR

Ramiz Əsgər Azərbaycanla bağlı kitabların hər birini tərcümə etmək gərək olduğunu dedi:

«Faruk Sümərin bu əsərləri tərcümə olunsa, biz görərik ki, o dövrdə nələr etmişik, hansı dövlətləri yaratmışıq—Ağqoyunlu, Qaraqoyunlu—hamısını anlayarıq. Bizdə o tipli əsərlər azdır».