Kitab sərgisi bəhanəsiylə arvadlarını götürüb xaricə gəzməyə gedirlər

Nərmin Kamal

-

Nərmin Kamal London Kitab Sərgisindən "Oxu zalı" üçün yazır:

"Türkiyənin hər çevrədən olan yazıçısı bu sərgidə təmsil olunur. Burda müxalif fikirli türk yazıçıları da çoxdur, hökumətə loyal olanlar da.

Beynəlxalq ədəbiyyat tədbirlərində iştirak etmək üçün yalnız hökumətə yaxın qruplara imtiyaz verilmir".



Nərmin Kamal


LONDONUN FƏTHİ...


London Kitab Sərgisi sona çatdı. Türkiyədən şair Murathan Munqan üçüncü sərgi gününün sonunda keçirilən rəsmi bağlanış mərasiminə aparıcılıq edəndə ətrafda türklər və ingilislərlə yanaşı, yaxasında Rebecca Erol, Denis Uzunkaya yazılmış gənc qızlar gördüm.

Bu sərgi atası türk, anası ingilis olan belə gənclər üçün əsl bayram idi. Bir adamı soruş, bir köşkü soruş, dərhal irəli düşüb sənin işini həll edir, lazım olan adamı tapır, hər cür kömək edirlər.

Türk və ingilis yazarları isə harda görüşüb ortaq bir mühazirəyə başlasalar, giriş adətən bu cümlə olur: “Bizim keçmişimizlə sizin keçmişiniz arasında ortaq cəhətlər çoxdur, çünki hər ikimizin keçmişində böyük bir imperiya var.”

YARIM MİLYARD KİTAB

Türkiyə ədəbiyyatı bu sərgiylə dünyada bugünkü nüfuzunun zirvəsinə çatdı. Sərgidə yayılan rəsmi bir broşura görə, Türkiyədə 6 min kitab dükanı var, ildə 43-44 min kitab başlığı qeydiyyatdan keçib ISBN alır, orta hesabla hər il 493,469,643 kitab istehsal olunur, kitaba qoyulan əlavə dəyər vergisi 8 faizdir (standart rəqəm 18 faizdir)...

Sərginin açılış günündə olduğu kimi, növbəti iki günündə də cürbəcür ölkələri təmsil edən kitab adamları türk ədəbiyyatını təhlil edən ən müxtəlif mövzuların ətrafına toplandılar. (ardı aşağıda)



Bir tərəfdə Orxan Pamukun əksər romanlarının ingiliscəyə tərcüməçisi olan, İngiltərənin Warwick Universitetinin professoru Maureen Freely “Dəyişməkdə olan Türkiyədə yazmaq” adlı mühazirə oxuyur, bir yanda köşə yazarı və bioqrafik romanlarıyla tanınan Ayşe Kulin “Türkiyədə ekran və səhifə” adlı çıxış edir, o biri yanda monitora “Türkiyə ədəbiyyatının gələcəyi” yazılıb, dörd gənc yazar danışır, başqa bir yanda isə “Oxford University Press” Turkiyə bölməsinin rəhbəri Emrah Özpirinççi “Türkiyə ən çox hansı kitab satılır? Ticari trendlər” adlı seminar aparır.

TƏRCÜMƏ DUELİ

Bağlanış günündə keçirilən bir maraqlı seminar da “Turkish Translation Slam” adlanan görüş oldu. Türkcədən ingiliscəyə bədii tərcümənin yüksələn imzaları, bu sahədə ciddi mükafatlar almış xanım Izzy Finkel və Feyza Howell əyləncəli bir söz duelinə çıxdılar. Hər ikisi çağdaş türk yazıçı 37 yaşlı Murat Menteşin eyni bir əsərini tərcümə ediblər. Fərqli tərcümələr alınıb. Və bu seminarda həmin tərcümələri cümlə-cümlə oxuyub bu fərqləri tutuşdururdular. Biri niyə o deyil, məhz bu sözü seçdiyini izah edir, o biri onu haqsız çıxararaq öz cümləsinin daha üstün olduğunu əsaslandırırdı.

Siyasi mövqeyindən, dini baxışından, cinsi orientasiyasından asılı olmadan, Türkiyənin hər çevrədən olan yazıçısı bu sərgidə təmsil olunur. Burda müxalif fikirli türk yazıçıları da çoxdur, hökumətə loyal olanlar da. Onların bu sərgidə bütün rənglərilə təmsil olunmasının arxasında duran iki qurum var. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, bir də Beynəlxalq Sərgilər üzrə Türkiyə Milli Təşkilat Komitəsi (“Turkish National Organising Committee for International Book Fairs”).

Maraqlı təcrübədir, beynəlxalq kitab sərgiləri üçün ayrıca bir türk qurumu yaradılıb. Bu Komitə türk naşirləri və ədəbiyyat agentlərinin beynəlxalq kitab sərgilərində iştirakına dəstək verir. Bu Komitə QHT-lərin, türk nəşriyyat sənayesinin, müxtəlif ədəbiyyat çevrələri və yazıçıların birlikdə yaratdığı təşkilatdır. Komitə Türkiyənin Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edir. Məsələ çağdaş türk ədəbiyyatının beynəlxalq təbliğinə gələndə dövlət bütün türk ədəbiyyatı çevrələrinə türk kitabını təbliğ etmək üçün eyni şəraiti yaradır. Beynəlxalq ədəbiyyat tədbirlərində iştirak etmək üçün yalnız hökumətə yaxın qruplara imtiyaz verilmir. (ardı aşağıda)

http://www.youtube.com/embed/pJnIuGQplJM?feature=player_detailpage

Nəticədə bir həftədir ki, bütün dünya mətbuatı Türkiyə ədəbiyyatının gəlib çatdığı yüksək nöqtədən danışır. “Financial Times”-dan “Metro” qəzetinə qədər, hər qəzetdə bu sərgi və Türkiyə haqda iri məqalələrə rast gəlmək olar.

Bu gün Londonda türk ədəbiyyatına maraq elə böyükdür ki, sərgi bitsə də, universitetlər növbəti günlərdə türk yazıçılarını qonaq etdiklərini açıqlayıblar. Məşhur “London School of Economics” aprelin 18-də səhər “Türkiyədə ifadə azadlığına həsr olunmuş dəyirmi masa”ya evsahibliyi edəcək. Həmin gün axşam bir qrup türk yazarı “Şeir və dil. Ögey ana dili” mövzusunda London Universitetinin “Oriental and African Studies (SOAS)” məktəbində danışacaqlar. Həmin axşam başqa türk yazarların ayrı bir qrupu – Murathan Mungan, Ece Temelkuran, Oya Baydar və usta tərcüməçi Maureen Freely Londonun “Arcola Theatre” teatrında “Türkiyədə yazmaq” mövzusunda müzakirə aparacaqlar.

ƏDƏBİYYAT ÖLKƏSİ BELƏ OLAR

Sabahı gün Britaniya Ədəbi Tərcümə Mərkəzində 1981-ci il təvəllüdlü türk yazıçı Kaya Genc ilə Maureen Freely-nin görüşü olacaq. Maureen Freely Kaya Genci Türkiyənin son on ildə yetişən ən ilginc türk yazıçısı kimi qiymətləndirib. Növbəti günlərdə türk yazarlarını Kardif, Liverpul, Edinburq şəhərləri qonaq edəcək...

Belə görünür ki, Türkiyə dünyada İrlandiya kini bir ədəbiyyat ölkəsi nüfuzunu qazanmaqdadır. Bütün bunlar dövlət öz yazıçılarının dünyada tərcümə və təbliğ olunmasına bərabər imkanlar yaradanda mümkün olur.

Baxın, orta səviyyədə türk dili bilən xaricilər London Kitab Sərgisində iri plakatı asılan “TEDA”-nın ətrafına çəpər çəkiblər. “TEDA” Türkiyə Mədəniyyət Nazirliyinin elan etdiyi bir qrant proqramıdır. Hər hansı tərcüməçi və ya nəşriyyat hər hansı türk yazıçısını öz dilinə tərcümə edərək öz ölkəsində nəşr etmək istəyirsə, Türkiyə dövlətindən vəsait almaq üçün “TEDA” qrant proqramına ərizəylə müraciət edir.

Yoxsa ki, filan şəhərdə kitab sərgisi keçirilir, sən beş nəfər məmuru göndərirsən, onlar da dövlət xəttilə gedirlər deyə, hərəsi öz arvadını da götürür. On nəfər çağdaş ədəbi prosesə aidiyyatı olmayan adama dövlətin büdcəsindən biznes-klass təyyarə biletləri alınır, bahalı otellər tutulur. Belə beynəlxalq tədbirlərdə bir saat baş girlədən bu adamlar sonda arvadlarını da götürüb şəhəri gəzməyə çıxırlar. Səfərin gəzinti-restoran xərclərini dövlətin hesabından çıxaran kartlarla gəzib-dolanırlar. Belə bir ölkədə ədəbiyyat inkişaf edə bilərmi?!