44 manat təqaüdə görə 6 ay xəstəxana həyatı?

Arxiv foto

-
Mingəçevir sakini Vüsal Abdulkərimov “Qaynar xətt”ə Mingəçevir Tibbi Sosial Ekspertiza Komissiyasından (TSEK) şikayət edib. Deyir, 2009- ilin iyul ayında hərbi xidmətə gedib. 2010-cu ilin martında evə məzuniyyətə gəlib, 2 həftədən sonra məzuniyyət müddəti başa çataıb. Hərbi hissəyə qayıdanda Ələt-Astara yolunda avtomobil qəzasına düşüb. Bir əsgər yoldaşı yerindəcə keçinib. O isə ağır yaralanıb. 11 qabırğası qırılıb, dalağı partlayıb, ağciyər kontuziyası alıb. Onu hərbidən tərxis ediblər. Mərkəzi Tibbi Sosial Ekspertizanın rəyi ilə II qrup əlillik təyin olunub. 2 ildir ki, əlilliyinə görə rayon poliklinikasında daimi qeydiyyatdadır. İndi TSEK-də ona təqaüdü ilə bağlı problemlər yaranıb:
«Vaxtaşırı ambulator müayinə olunuram, sənədləri zona TSEK-nə təqdim edirəm və 44 manat müavinətimi alıram. Ancaq indi TSEK-in sədri mənə deyir ki, sən 6 ay stansionar müalicə almalısan. Yəni 6 ay xəstəxanada yatmalıyam. Halbuki, mən 2 il əvvəl 6 ay xəstəxanada yatıb müalicə almışam».
6 AYLIQ STASİONAR MÜALİCƏ ALMAQ MƏCBURİDİR?
Hüquqşünas Səbuhi Axundov rayon TSEK rəisinin tələbinin qanunla əsaslı olduğunu deyir:
«Qanuna görə, əlillik dərəcəsi almaq üçün işləyən şəxslər 6, işləməyələr isə 3 ay stasionar müalicə almaq məcburiyyətindədilər. Ancaq şəxsə artıq 2 il əvvəl əlillik dərəcəsi verilibsə, bu müddət ərzində ambulator müayinələrdən keçib nəticələrini yerli TSEK-ə təqdim edibsə, onun uzun müddət xəstəxanada müalicə almasına ehtiyac yoxdur. Ola bilsin ki, ambulator müayinələrin nəticəsi qənaətbəxş olmadığına görə TSEK rəisi ona məcburi müalicə təklif edib».
Mingəçevir TSEK-dən «Qaynar xətt»ə bildirdilər ki, Vüsal Abdulkərimov ambulator müalicənin nəticələri ilə bağlı tam sənədləri onlara təqdim etmədiyinə görə onun əlillik dərəcəsinin uzadılması məsələsinə hələlik aydınlıq gətirmək mümkün deyil.