İlham Əliyevin seçki sənədləri MSK-ya təqdim edildi

İlham Əliyev

-

Avqustun 6-da Yeni Azərbaycan Partiyası bu ilin oktyabrın 9-da keçiriləcək Prezident seçkilərində prezidentliyə namizəd, YAP sədri, prezident İlham Əliyevin seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xəbəri yap.org.az saytı yayıb.

Seçki Məcəlləsinə əsasən prezidentliyə namizədlərin irəli sürülməsini seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilər.

İlham Əliyev 2003-cü ildən prezident postundadır. 2009-cu ilin Konstitusiya dəyişiklikləri bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyəti qaldırıb. İstər yerli müxalif və müstəqil çevrələr, istərsə beynəlxalq hüquq-müdafiə təşkilatları bu dəyişikliyi pisləyib. Venesiya Komissiyası açıqladığı rəyində bildirirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır». Qurum xatırladırdı ki, bir qayda olaraq, prezident respublikalarında hakimiyyətin parlament və məhkəmə sistemindən çox dövlət başçısının əlində cəmləşməsi meyli olur. Buna görə də prezident seçilməyə limit qoyulur ki, bütün güc bir nəfərin - prezidentin əlində cəmləşməsin.

Hakim partiya 5-ci qurultayında İlham Əliyevin 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürüb.