Zahid Zeynalov: «Oğlum cinayət işləyibsə, cəza verilsin, amma...»

Sizin brauzer HTML5-i dəstəkləmir

-
«İnsan hüquqlarını tapdamaq olmaz, cinayət edibsə, onun cəzasını vermək olar. Ona fiziki təsir göstərmək olmaz. Onu araşdırmaq lazımdır. İlham Əliyev ilə Vladimir Putinin də əlaqələri, ticarət əlaqələri yaxşıdır. Yəqin, bizim DİN də buna baxır. Cənab prezident də baxır. Qanun çərçivəsində baxsınlar ki, necə baş verib. Haqq tapdalanmasın».

Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinən Orxan Zeynalovun atası Zahid Zeynalov deyir.

Zeynalovlar ailəsi oğulları ilə elə dünən-oktyabrın 15-də günorta saatlarında danışıblar. Orxan onunla bağlı söhbətlərin yalan və tam günahsız olmasından danışıb. Rusiya polisi Orxan Zeynalovu oktyabrın 15-i axşam saatlarında Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib.

Zahid Zeynalov


İndi ailəni dəhşətə gətirən də bu saxlanma zamanı oğullarına edilən fiziki zorakılıqdır.

«BALAMI NİYƏ DÖYÜRLƏR? MƏNƏ PİS TƏSİR EDİR...»

Anası Yasəmən Zeynalov deyir ki, məhkəmə olmamış, istintaq aparılmamış oğlunun cinayətkar kimi təqsirləndirilməsini izləyə bilmir:

«Mənim oğlum tərbiyəli ailədə böyüyüb. Müəllim ailəsiyik. Bu, böhtandır. O orda, mən burda. Mən də xəstə düşmüşəm ki, niyə balamın başına belə iş gəlib? Xəstəyəm. Onu niyə elə vururlar, günahsız yerə döyürlər? Onu oxşadıblar, günahı yoxdur balamın».

Orxan Zeynalov bazarda

Orxan Zeynalov Şəmkir rayonunun Seyfəli kəndində doğulub. 2 mindən çox ailənin yaşadığı bu kənddə Orxan kimi çörəkpulu dalınca Moskva bazarlarına gedən gənclər çoxdur. Yerli sakinlər danışırlar ki, kimisi kəndin meyvəsindən aparıb satır, kimisi də geyim satışı ilə məşğul olur.

«BURAYA ÇÖRƏK RUSİYADAN GƏLİR»

«Buraya çörək ancaq Rusiyadan gəlir. Xirnik, zoğal aparıb orada satırıq. Əsasən gənclər gedir. Orxan sakit adam olub».

«Orxanın qonşusuyam, mən onun heç siqaret belə çəkdiyini görməmişəm. Eşitdiklərimə inanmağım gəlmir. Qəza ola bilər. Amma inana bilmirəm».

Orxanın atası uzun illər Seyfəli kəndindəki Abbaslı kənd orta məktəbində direktor işləyib, hazırda isə direktor müavinidir. Odur ki, bu kənddə Zeynalovlar ailəsini hamı tanıyır. Ailədə tək Orxan və qardaşı ali təhsil almayıb. Özündən böyük bacıları da universitet bitirib.

Həyətə qohum-qonşular toplaşıb.


«QARDAŞIMIN AZAD OLMASINI İSTƏYİRƏM»

Bacısı Şəlalə də kədərlidir. Qardaşının cinayətkar olmasına inanmır:

«Mən qardaşımın azad olmasını istəyirəm, vəssalam. Yanımda olsun». (Ağlayır)

Oktyabrın 16-da ailə üzvlərindən Şəmkir rayon prokurorunun müavini izahat alıb. O, müsahibə vermək istəmir. Həyətə qohum-qonşular toplaşıb. Rusiyanın NTV və MİR telekanallarının jurnalistləri də ailə ilə çəkiliş aparmağa gəliblər.

Moskvanın telekanallarında və internet saytlarında Orxan Zeynalovun ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etdiyi bildirilir.

Yeqor Şerbakovun qətli Rusiyada yerli millətçilərin etirazına səbəb olub. Rusiyada miqrantlara qarşı keçirilən aksiyada azı 23 nəfər xəsarət alıb, yüzlərlə adam saxlanıb.
Orxan Zeynalov da Moskvanın Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasında çalışırdı. Şəhər rəhbərliyi artıq bazarı bağlayıb. Bu bazarda əsasən Qafqaz və Orta Asiyadan olan miqrantlar çalışırdı.