Sənət adamlarının iş otağında - Yeni multimedia portalı

Saytın görüntüsü

-
Yaradıcı adamlarla bağlı yeni multimedia portalı fəaliyyətə başladı.
“Hazırda Azərbaycanda, demək olar ki, bütün sahələri əhatə edən elmi, siyasi, sosial, əyləncə və s. saytlar var, amma sırf multimedia tipli sayt yoxdur.”
Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına noyabrın 12-dən Azərbaycan internet məkanında fəaliyyətə başlayan ilk multimedia portalının - Myworkroom.net-in rəhbəri Əziz Kərimov söylədi.
HƏDƏF NÖQTƏSİ - İŞ OTAQLARI…
Onun sözlərinə görə, fotolu, videolu myworkroom.net yaradıcı insanlarların həyatını hədəf alıb:
“Azərbaycanda yaşamış və yaşayan ictimai xadimlərlə video müsahibələr və fotolar yer alıb. Çalışmışıq ki, müsahiblərin peşələrindən kənar həyatlarını, düşüncələrini ön plana çıxaraq.
Çəkilişlər əsasən müsahiblərin çalışma otaqlarında aparılır. Bu üsulla əşyalar sahibləri haqqında məlumat verir. Müsahibin oxuduğu kitablar, kolleksiyası, şəxsi fotoları, bir sözlə, çalışma otağını və orada həmin şəxsə dəyərli olan əşyaları qabartmağa çalışırıq".

“ALTERNATİV FİKİRLƏRİ ÖNƏ ÇIXARACAĞIQ”
Əziz Kərimov saytın əyləncə xarakterli olmadığını vurğuladı:
“Düşünürük ki, bu saytın Azərbaycan internet məkanında öz yeri olacaq. Çalışmışıq sayt hamı üçün maraqlı olsun. Sayt əyləncə xarakteri daşımır. İstəyimiz daha çox müsahiblərin alternativ fikirlərini önə çıxarmaqdan ibarətdir”.
SAYT HƏM DƏ, İNGİLİS DİLİNDƏDİR
Yeni multimedia portalı ingilis dilində də oxucularla görüşür:
“Saytı ingilis dilində etməyimizin məqsədi xaricdə yaşayan vətəndaşlarda Azərbaycanın önəmli şəxsiyyətləri haqda alternativ fikir formalaşdırmaqdır”.
Yeni saytın şef redaktoru Sevinc Rəhimovadır.