REAL: “Hakimlərin qanunsuz hökmü ilə barışmayacağıq”

İlqar Məmmədov və Tofiq Yaqublu

-
“İlqar Məmmədov və Tofiq Yaqublu heç bir cinayət törətməyiblər, cinayəti törədənlər xalqı təhqir edənlər və dinc etirazçıları həbsə atanlardır”.

REAL Hərəkatının martın 13-də “İsmayıllı işi” üzrə yekunlaşan məhkəmə ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Hərəkat bildirir ki, hakimlərin qanunsuz cəza kəsəcəyi halda bununla barışmaq və bunu bağışlamaq niyyətində deyil.

“Ukraynada son hadisələr bir daha sübut etdi ki, bütün xalqlar ayağa qalxaraq siyasi opponentlərini qondarma ittihamlarla həbsə atan diktatoru qovmaq gücünə malikdir və beynəlxalq ictimaiyyət də xalqın iradəsinin belə ifadəsini legitim olaraq qəbul etməkdədir. Bu zaman xalqlar diktatorların girov götürərək həbsə atdıqları siyasi xadimləri azad edir və aqibətini də bu fədakar, zülmə qarşı səsini ucaltmaqdan çəkinməmiş qəhrəmanlara həvalə edir”.

Qeyd olunur ki, bəşəriyyətin hazırda azad dünya ilə diktatura və separatizmi dəstəkləyən Rusiyanın mübarizəsini müşahidə etdiyi bir şəraitdə avtoritarizmi, avtoritar üsulları seçmək məhz Rusiya əsarətini seçmək deməkdir.

“İndi hər şey iqtidardan asılıdır. Onun bu təhlükəli və məsuliyyətli məqamda barış və dialoq perspektivi açmaq imkanı yaranmışdır. Bütün siyasi məhbusların azad edilməsi Azərbaycanımız üçün tarixi bir şansın qapılarının açılması demək olardı” deyə bəyanatda deyilir.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror REAL-ın lideri İlqar Məmmədova 8, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqubluya 7 il, qalanlara isə 4 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası istəyib.

Martın 17-də təqsirləndirilənlərə hökm oxunacaq.