M. Ş.Vazehin əlyazmaları Azərbaycana gətirilib

Mirzə Şəfi Vazeh. (1794-1852)

Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Mirzə Şəfi Vazehin Avropanın mötəbər elm və mədəniyyət mərkəzlərində mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzulardakı əlyazmalarını, eləcə də şeir və şərqilərinə həsr edilmiş onlarla klassik musiqi əsərinin tarixi not nümunələrini və yazılarını Gəncəyə gətirib.

Akademiyanın aprelin 3-də yaydığı xəbərə görə, Almaniyanın Prussiya mədəni irsi Mərkəzi, Berlin Dövlət Kitabxanası kimi mühüm elmi mərkəzlərdən, arxivlərdən artıq 30-a qədər əski Azərbaycan və ərəb əlifbası ilə yazılmış əlyazmaları, həmçinin Almaniyanın Payne şəhərində mövcud olmuş Mirzə Şəfi adına mehmanxananın elmi ictimaiyyətə indiyədək məlum olmayan fotoşəkli, eləcə də Avropada çap edilmiş və Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı ilə bağlı mühüm tarixi məlumatları özündə əks etdirən elmi və ədəbi nəşr nümunələri Gəncəyə gətirilib.

Bundan başqa, ilk dəfə olaraq ərəb, fars və alman dillərində olan əlyazmalar, Mirzə Şəfi Vazehin şeirlərinə bəstələnmiş musiqi əsərlərinin not yazıları surətlərinin Azərbaycan dilinə tərcümə edilərək elmi ictimaiyyət və geniş oxucu kütləsinə yeni, nəfis nəşrlər şəklində təqdim edilməsi işlərinə də başlanıb.

AMEA Gəncə Bölməsi tərəfindən bu görkəmli mütəfəkkirin həyat və yaradıcılığı ilə bağlı mötəbər qaynaqlara, arxiv materiallarına istinad edilməklə tarixi-etnoqrafik, filoloji səciyyəli elmi əsərlərin əcnəbi dillərdə nüfuzlu xarici nəşrlərdə çap edilməsi işləri də həyata keçirilir.

Mirzə Şəfi Vazeh XIX əsr görkəmli Azərbaycan şairidir. O, zamanında xalq arasında "Gəncəli ustad" kimi tanınıb.

Bu il Mirzə Şəfi Vazehin 220 illik yubileyidir. Yubileyin keçirilməsi barədə ölkə prezidenti sərəncam imzalayıb.