«Sovetski» xəbərsiz sökülür

«Sovetski»

-
Aprelin 11-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir



ƏLİ HƏSƏNOV PREZİDENTİN İRAN SƏFƏRİ BARƏDƏ

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibə verib.

- İranla Azərbaycan arasında münasibətlərdə bəzi narahatedici məsələlərin olduğu barədə mediada zaman-zaman məlumatlar verilirdi. Bu məsələlər ətrafında da müzakirələr aparıldımı?

Əli Həsənov

- Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İranla Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur. Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Ölkə başçılarının görüşləri zamanı bu məsələlərə də toxunuldu və ümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır.

Görüşdə o da qeyd olundu ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır. Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də ölkə başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq, onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud neqativ halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

YÜKSƏK GƏRGİNLİKLİ AĞACLAR

«Yeni Müsavat» qəzetində Zamin Hacı yazır:

«Neçə illərdir bu xarabada yaşayırıq, ancaq yenə də bəzi həyasızlıqlara heyrət edirik. Görünür, bu bizim sadəlövh, ürəyi təmiz, körpə qəlbli olmağımızla bağlıdır (Hərdən özümü tərifləməsəm görürəm hərəkət edən yoxdur. Tərifsiz isə burada yaşamaq mümkün deyildir. Adam xəstələnib ölür. Bir növ, immunitet zəifliyi yaranır).

Baxın, bütün dünyada ordunun baş qərargah rəisinin, ümumiyyətlə, hər hansı bir ordu generalının iş yeri haradır? Əlbəttə, deyə bilərsiniz bu nə gülünc sualdır, orduda işləyənin iş yeri ordu olar. Ancaq tələsməyin. Azərbaycan Müdafiə Nazirliyinin hərdən yaydığı xəbərləri oxuyun. Görəcəksiniz orada belə bir cümlə vardır: «Nazirin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov cəbhə bölgəsinə gedib. Səfərin məqsədi hərbi hissələrin döyüş qabiliyyətini, müdafiə dayanıqlığını, silah-sursatı və sairəni yoxlamaqdır». Görürsünüzmü? Siz də gülürdünüz. Adam öz iş yerinə səfər edir.
Əlbəttə, hər gün 6 nəfər əsgəri ölən orduda kabinetdən çıxıb tualetə getmək də ağır səfər sayılır, nə biləsən əcəl səni hansı tində gözləyir? O üzdən generala uğurlu səfərlər, maraqlı turizm cığırları açmasını diləyərək keçək MN-in Bakı ofisinin yuxarısındakı daha mistik məkana - rəsmi adı Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağı adlanan əraziyə. Son vaxtlar orada ağaclar mövzusunda baş verən paranormal hadisələrin heç bir elmi izahatı yoxdur.

«SOVETSKİ» XƏBƏRSİZ SÖKÜLÜR

«Evlərinin sökülməsinə razılıq verən «Sovetski» kimi tanınan qəsəbənin sakinləri ilə 490 razılaşdırma protokolu imzalanıb». Bunu «Anspress»ə açıqlamasında Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. O bildirib ki, «Sovetski» kimi tanınan qəsəbədə söküntü işləri ilə əlaqədar olaraq inventarlaşdırma və ölçü işləri hazırda davam etdirilir.

«Azadlıq»a danışan «Sovetski» sakinlərinin sözlərinə görə, razılaşanlar mənzillərinin sahəsi daha böyük olanlardır: «Kimin mənzilinin sahəsi böyükdür, onlar razılaşa bilərlər. Ancaq evinin ölçüsü 20-30 kvadratmetr olanlar 1500 manatla razı ola bilməz. Belə olan halda 30-40 min manat kompensasiya verilir ki, bu məbləğlə heç yerdə mənzil almaq olmaz».

Sakinlər onu da dedilər ki, hökumət nümayəndələri bəzi mənzil sahibləriylə gizlin şəkildə görüşüb anlaşırlar: «Kiminlə anlaşma mümkündürsə, edirlər. Sonra da həmin ərazini sökürlər. Bir sözlə, yavaş-yavaş ərazini boşaltmağa çalışırlar. Məqsədləri odur ki, insanları çarəsiz qoyub sonda istədikləri məbləğlə yola salsınlar».

«Azadlıq»a danışan sakinlər köçürülməylə razılaşanların ev əşyalarının daşınması üçün ödənilən 400 manatı almadıqlarını deyirlər: «Belə bir şey yoxdur. İndiyə qədər kim köçübsə, ona əşyalarını daşımaq üçün 400 manat verilmədiyini deyib».
İşin maraqlı tərəfi ondan ibarətdir ki, «Sovetski»də ticarət-iaşə obyektlərinin sahiblərinə hansı miqdarda vəsait ödəniləcəyi hələ müəyyənləşməyib. Baxmayaraq ki, sözügedən ünvanda yüzlərlə obyektlər fəaliyyət göstərir.

MİNSK QRUPU HƏMSƏDRLƏRİ KƏNARDA

«Zerkalo» qəzetində Rauf Mirqədirovun Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatlara həsr olunmuş təhlilini oxuyuruq.

ATƏT-in Minsk qrupunun həmsədrləri

Müəllif yazır ki, Bakı geosiyasi reallıqların Minsk qrupu daxilində münaqişənin tənzimlənməsi üçün vahid mövqeyin işlənməsinə mane olur. Prinsipcə, burada yeni bir şey yoxdur... Ümumi fikir odur ki, Rusiya post-sovet məkanında münaqişələrin həllində maraqlı deyil. Rusiya bütün qalan münaqişələrdən Qərblə alver üçün yararlana bilər.

QEYRİ-NEFT SƏNAYESİNİN İNKİŞAF STRATEGİYASI

«Azərbaycan» qəzetində iqtisad elmləri doktoru, professor İsa Alıyevin məqaləsi dərc olunub.

Elmi tədqiqatlara və işləmələrə çəkilən xərclərin ümumi həcmi son on ildə 7 dəfə artsa da, hələ ki, xərclər dövlət büdcəsi hesabına həyata keçirilir. Ölkədə bu yönümlü xərclər ÜDM-in 0,2 faizi səviyyəsindədir. Qeyri-neft sənayesində belə xərclərin həcmi kəskin şəkildə aşağı səviyyəsi ilə fərqlənir.

Ölkədə yeni qeyri-sənaye müəssisələrinin yaradılmasına diqqət artırılmaqdadır və bu prosesin sürətləndirilməsi əsas prioritetlərdəndir. Yalnız son illərdə Gəncə Alüminium Zavodu, Sumqayıtda dəqiq mexanika, texniki qazlar zavodları, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye müəssisəsi istifadəyə verilmiş, 100-dən artıq sənaye müəssisəsinin inşası isə davam etdirilir.