Laura Bagdasaryan Baş Prokurorluq ve MTN-in bəyanatına münasibət bildirib

«Region» Tədqiqat Mərkəzinin direktoru Laura Bagdasaryan Azərbaycan MTN və Baş Prokurorluğunun jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirib. «Turan»ın məlumatına görə, Laura Bagdasaryan internetdə yaydığı bəyanatında casusluq fəaliyyəti ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının ittihamlarını təkzib edir:

«Bizim mərkəz bir sıra MDB və Avropa İttifaqı ölkələri, o cümlədən Türkiyədən olan jurnalistlər, ekspertlərlə müxtəlif layihələrlə bağlı tədbirlər keçirib. Baş Prokurorluğun bəyanatında deyilir ki, «mərkəz Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir, siyasi baxışları onları cəlb edən Azərbaycan vətəndaşlarını üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır». Bəli, biz təkcə Azərbaycandan yox, digər ölkələrdən də öz baxışlarını sivil qaydada açıqlayan və peşəkar rəy verə bilən mütəxəssislər cəlb edirik. Əgər MTN və Baş Prokurorluq üçün bu keyfiyyətlər cinayət təqibləri üçün əsasdırsa, o zaman başqa ünvana müraciət edin».

Laura Bagdasaryan hesab edir ki, Azərbaycan xüsusi-xidmət orqanları səsləndirdikləri ittihamları sübut etməlidir:

«Bəyanatda deyilir ki, 2009-cu ildə Tbilisidəki kafelərin birində bizim Rauf Mirqədirovla görüşümüz olub. Birinci, xüsusi-xidmət orqanları R. Mirqədirovun bizim layihələrdə iştirakının cinayət olmasını sübut etməlidir. İkinci, onun mənə Azərbaycanın hər hansı hərbi və ya digər mühüm sahələri ilə əlaqədar olan sxem, videonun ötürdüyünü sübut etməlidirlər. Əgər biz casusla iş görürüksə niyə mən R. Mirqədirova Tbilisi restoranlarının birində pul verirəm ki, bunu da hansısa «Samvel» görür? Axı, pulları Leyla Yunusun vasitəsi ilə Bakıya göndərmək olardı».