Türk yazıçısı Elif Şəfək bəraət aldı

Türk millətçiləri məhkəmənin qərarına etiraz edirlər, İstanbul, 21 sentyabr 2006

Türkiyə Məhkəməsi yazıçı Elif Şəfək barəsində bəraət qərarı çıxarıb. Müəllif 2006-cı ildə dərc edilmiş kitabında türkçülüyü təhqir etməkdə ittiham olunurdu. Belə ki, «İstanbulun bici» romanının erməni qəhrəmanlarından biri, Birinci Dünya müharibəsi illərində ermənilərin kütləvi qırılması barədə fikirlər söyləyib. Kitabın işıq üzü görməsindən az sonra millətçi baxışlarıyla tanınan bir vəkilin şikayəti əsasında prokurorluq yazıçıya qarşı cinayət işi açıb. Lakin, sentyabrın 21-də qısa araşdırmadan sonra işə baxan hakim 35 yaşlı Elif Şəfəkə qarşı irəli sürülən ittihamların əsasız olduğunu, onların sübutlarla dəstəklənmədiyini bildirdi və Şəfək barəsində bəraət qərarını çıxardı.

Bu məsələ də digər məşhur türk yazarı Orhan Pamukun işi kimi, böyük beynəlxalq rezonansa səbəb olub. Məhkəmə işi Avropa Birliyinin və beynəlxalq insan haqları təşkilatlarının diqqət mərkəzində idi. Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi türkçülüyü təhqirə və aşağılamaya görə 1 ildən 3 ilə kimi həbs cəzasını nəzərdə tutur. Brüssel Avropa Birliyinə namizəd olan Türkiyədən bu maddənin dəyişdirilməsini tələb edir.


Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi türkçülüyü təhqirə və aşağılamaya görə 1 ildən 3 ilə kimi həbs cəzasını nəzərdə tutur
Elif Şəfək məhkəmən əvvəl ona qarşı sürülmüş ittihamla bağlı bildirib ki, əgər romanının personajlarından biri oğrudursa, bu hələ roman müəllifinin oğru olmasından xəbər vermir. Onun sözlərinə görə, 301-ci maddə Türkiyədə ultramillətçilərin siyasi səsləri susdurmaq üçün istifadə etdiyi silahdır.


Elif Şəfəkin "İstanbul bici" romanı Türkiyədə bu il ən çox satılan kitablardan biridir
Avropa Birliyi bu qiymətlə razılaşır. Birliyin Genişləndirilməsi üzrə Komissarı Olli Rehn məhkəmənin bugünkü qərarından məmnun olduğunu bildirib. Eyni zamanda Avropa rəsmisi Türkiyədə söz azadlığı ilə bağlı problemin hələ də qaldığını bildirərək deyib: «Bu bir faktdır ki, Türkiyənin Kassasiya Məhkəməsi 2006-cı ildə Cinayət Məcəlləsinin 301-ci maddəsinin sərt şərhini verib, bu maddə Avropa İnsan Haqları Məhkəməsi və azad ifadə ilə bağlı Avropa Standartlarına uyğun gəlmir və Türkiyədə söz azadlığına ciddi təhlükə kəsb etməkdə davam edir».


Qüvvədə olan Cinayət Məcəlləsinin müəlliflərindən biri, İstanbul Universitetinin Hüquq Fakültəsinin dosenti Adəm Sözüər isə bu fikirdədir ki, 301-ci maddə ətrafında gedən mübahisələr artıq hüquqi çərçivədən deyil, siyasi çərçivədə gedir. Maddənin bir tərəfində Avropa Birliyi ilə yaxınlaşmanın tərəfdarları, başqa tərəfində isə bunun əleyhdarları dayanır. Əsas problem isə maddədə deyil, onun yozulmasındadır.


Türkiyənin baş naziri Rəcəp Tayıp Ərdoğan da məhkəmənin bəraət qərarını alqışlayan açıqlama verib. O başçılıq etdiyi hökumətin bu sahədə islahatlara hazır olduğunu da vurğulayıb.


Elif Şəfəkin özü İstanbuldakı məhkəmə prosesinə qatılmamışdı. Keçən həftə onun övladı olub. Əlavə edim ki, «İstanbul bici» romanı Türkiyədə bu il ən çox satılan kitablardan biridir. Kitabın 60 min nüsxəsi satılıb. Əsərin süjetində eyni keçmişə malik olan iki ailə, İstanbulda yaşayan müsəlman türk ailəsi və San-Fransiskoda yaşayan erməni ailəsi dayanır. Özünü kosmopolitan plyuralizmin tərəfdarı adlandıran Elif Şefekin əvvəlki əsərləri də Türkiyədəki tənqidçilərin qəzəbinə tuş olmuşdu. Şəfək əsərlərində Osmanlı dövründə işlədilən köhnə sözlərdən istifadə edir və buna görə tənqid olunur. O həmçinin keçən il İstanbulda erməni məsələsi ilə bağlı konfransın işində də iştirak etmişdi.