Rəşadət Axundov vəkil Elçin Sadıqovdan imtina edib

NİDA-çı Rəşadət Axundov

Həbsdə olan NİDA-çı Rəşadət Axundov vəkili Elçin Sadıqovdan imtina edib. Bu haqda AzadlıqRadiosuna Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova məlumat verib. Onun sözlərinə görə, imtinaya səbəb, Elçin Sadıqovun son vaxtlar yayılan açıqlamaları olub:

«Zəng eləmişdi. Bildirdi ki, Elçin Sadıqovun son açıqlamalarındakı mövqeyinə görə onun müdafiəsindən imtina edir».

Vəkil Elçin Sadıqovdan imtinaya münasibətini öyrənmək mümkün olmayıb.

Elçin Sadıqov bugünlərdə mətbuata verdiyi müsahibələrdə prezident İlham Əliyevin siyasətini dəstəklədiyini dilə gətirmişdi.

Rəşadət Axundov digər 7 NİDA-çı fəal - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə ilə birlikdə 2013-cü ilin mart-may aylarından həbsdədirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

İttihamlarla razılaşmayan gənclər siyasi motivlərlə həbs olunduqlarını deyirlər. İyunun əvvəllərində NİDA-çı Bəxtiyar Quliyev təşkilatdan çıxdığını bildirib və prezidentdən əfv istəyərək öz vəkillərindən imtina edib.