«AXCP üzvünün bədənində hələ də işgəncə izləri var»

Murad Ədilov

AXCP Sabirabad rayon təşkilatının üzvü Murad Ədilovun işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə «Azadlıq» qəzetinə vəkili Yalçın İmanov məlumat verib.

Onun dediyinə görə, Murad Ədilovun bədənində hələ də işgəncə izləri qalır.

«Onun bel və sol bud nahiyəsində küt alətlə zərbənin izləri var. Nərimanov məhkəməsinə ötən gün göndərilən şikayətdə Muradla bağlı ekspertizanın keçirilməsi və «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında» Konvensiyanın 3-cü maddəsinin pozulmasının (İşgəncələrin qadağan olunması) təsdiq edilməsi xahiş olunur».

Bu arada Murad Ədilovun müdafiəsinə daha bir vəkil, Yavər Hüseyn də qoşulub.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona qarşı külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb.

O, AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşıdır. Natiq Ədilov qardaşının həbsini siyasi fəaliyyətləri ilə əsaslandırır və irəli sürülən narkotik ittihamının əsassız olduğunu bildirir.