Strasser: «Azərbaycanda vətəndaş cəmiyyəti sistematik şəkildə daraldılır»

Christoph Strasser

-

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi, Alman Federal Hökumətinin ombudsmanı Christoph Strasser Almaniyanın NTV kanalına müsahibəsində Azərbaycanla bağlı son olayları şərh edib.

Bu haqda contact.az məlumat verib.

Strasser öz müsahibəsində Azərbaycanda vətəndaş cəmiyyətinin sistematik şəkildə daraldılmasına toxunub:

«İyul ayından biz Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin növbəti və daha sistematik şəkildə daraldılmasını müşahidə edirik. Təəssüf ki, Azərbaycan hökuməti Avropa Şurasında sədrlikdən istifadə edib hüquqi dövlət, fikir və toplaşma azadlıqları ilə bağlı dəyərləri öz ölkəsində inandırıcı şəkildə gücləndirmək istəmir».

O, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunusların həbsinə də toxunub:

«Bu şəxslərin rəhbərlik etdikləri QHT-ləri ciddi və öz işini sevən tərəfdaşlar kimi tanıyırıq, onlara qarşı qaldırılan iddialar bizə şübhəli görünür».

2013-cü ilin əvvəllərində Christoph Strasser-in Azərbaycanla bağlı 60 nəfərdən ibarət siyasi məhbus siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilməmişdi.