Şahvələd Çobanoğlu prokurorluqda ifadə verib

Şahvələd Çobanoğlu

Jurnalist Şahvələd Çobanoğlu Baş Prokurorluqda ifadə verib. Bu haqda AzadlıqRadiosuna Şahvələd Çobanoğlunun özü məlumat verib. Jurnalistin sözlərinə görə, o, həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi ilə bağlı dindirilib:

"Sentyabrın 11-də çağırılmışdım. Ötən ilin noyabrında Rəsul Cəfrovun layihəsi üzrə film festivalı keçirilib. Festivalın bir günü filmlərdən sonrakı debatların moderatoru olmuşam. Mənə buna görə 100 manat xidmət haqqı ödənilib. Müqavilə, qəbz, akt – bütün sənədlər yerindədir. Tədbir də gerçəkdən olub və iştirakçılar xatırlayır. Hər şey düz gəlir. Elə bu da Rəsul bəyin dürüstlüyünün sübutu idi. İmzamı, pulu aldığımı təsdiq etdim. Rəsul bəylə eyni yolda, eyni əqidə də olduğumu bəyan etdim”.

Şahvələd Çobanoğlu bildirdi ki, ekspertizaya göndərmək üçün ondan imza nümunəsi alıblar: " Bizim heç bir problemimiz yoxdur, imzamıza da, əməllərimizə də arxayınıq. 100 manatı bir tərəf verdiyini, digər tərəf aldığını bəyan edirsə, cinayət bunun harasındadır?”