Ombudsman əməkdaşları həbsdəki jurnalist Xalid Qarayevlə görüşüblər

Ombudsman Elmira Süleymanova

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə baş çəkiblər.

Məhkumların saxlanma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyəti araşdırılıb.

Ümumilikdə 39 nəfərlə görüş olub. Onlar arasında Azadlıq qəzetinin və Türksatda yayımlanan “Azərbaycan saatı” proqramının əməkdaşı Xalid Qarayev də olub.

Ombudsman Aparatının yaydığı məlumata görə, görüşdə müəssisədəki saxlanılma şəraiti, rəftar və yeməklərin keyfiyyəti ilə bağlı şikayətlər olmayıb, saxlananlar vəkil və ailə üzvləri ilə əlaqə saxladıqlarını bildiriblər.

Başçəkmələr zamanı tövsiyyələrin icra olunduğu, belə ki müəssisənin əsaslı təmir olunaraq müasir standartlara uyğunlaşdırıldığı, kameraların, sanitar-gigiyenik və duş otaqlarının sayının artırıldığı, bütün kameralarda televizorların quraşdırıldığı, kameraların havalandırma sisteminin tamamilə dəyişdirildiyi, saxlanılan şəxslərin yaxınları ilə görüşməsi üçün görüş yerlərinin istifadəyə verilməsi müsbət dəyərləndirilib.

Şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.