Gəncədə etiraz: İcra başçısı, müavini və polislər xəsarət alıb [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Gəncədə sakinlərin etirazından ilkin görüntülər

-

Gəncənin Avtozavod qəsəbəsi yaxınlığında qanunsuz tikililərin söküntüsünə başlanılıb. Dekabrın 10-da orada yaşayan Kəlbəcər köçkünləri Gəncə-Göygül yolunu bağlamağa cəhd ediblər. Polislə qarşıdurmada xəsarət alanlar var.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəlindədir.

Gəncənin Avtozavod qəsəbəsi polisin və yerli icra hakimiyyətinin nəzarətindədir. Qəsəbəyə gedən əsas yolun qarşısı traktorla kəsilib.

Bu haqda AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verib:

«Qəsəbənin girişində polislər post çəkir, küçələrdə tək-tək polis gözə dəyir. Sakinlər dünən baş verən etiraz aksiyası, xəsarət alanlar, saxlananların olub-olmadığı haqda danışmaq istəmirlər. Bircə onu bildirirlər ki, imkansızlıqdan, əlacsızlıqdan burada özlərinə min bir əziyyətlə tikdikləri evlərin sökülməsinə etiraz ediblər».

Yerli icra hakimiyyəti başçısının müavini AzadlıqRadiosunda bildirib ki, qəsəbədə yalnız son 3-4 ildə su xətlərinin üzərində, əsas yolun kənarında inşa olunan qanunsuz tikililər sökülüb. Sənədləri olanlara da kompensasiya ödəniləcək.

Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları əraziyə baxış keçirəcəklər. Su xətlərinin üzərində inşa olunan evlərin dəqiq siyahısı hazırlanacaq və həmin tikililər də söküləcək.

YOLU BAĞLAYIBLAR

Gəncədə dekabrın 10-da tikililərin söküntüsünə etiraz edənlərə cinayət işi açılıb. Onlar hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avtozavod qəsəbəsində evlər

Gəncənin avtozavod qəsəbəsi yaxınlığında qanunsuz tikililərin söküntüsünə başlanılıb. Dünən həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən azı 50 nəfər Gəncə-Göygül yolunu bağlamağa cəhd ediblər. Etirazın qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, hadisə yerinə gələn Nizami rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb. DİN-nin yaydığı məlumatda bildirilir ki, etirazçılar polisə məxsus 2 ədəd xidməti avtomobilin şüşələrini sındırıblar.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda sakinlərdən xəsarət alanların olub-olmadığı bildirilmir. Amma AzadlıqRadiosuna göndərilən videoda sakinlərdən də xəsarət alan olduğu görünür.

Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq maddəsi ilə cinayət işi başlanıb.