İlham Əliyev “ASAN xidmət”in fəaliyyətindən danışdı

İlham əliyev

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

İlham Əliyev deyib ki, “ASAN xidmət”in fəaliyyət göstərdiyi iki il ərzində iki mindən çox könüllü “ASAN xidmət”də işləyib. Hazırda 500 könüllü bu mərkəzlərdə çalışır.

Prezident, artıq yeddi mərkəzin tikildiyini, gələn ilin sonunadək ən azı 10-a çatdırılacağını da vurğulayıb. Ölkə başçısının sözlərinə görə, ilk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır.

Prezidentin fikrincə, şəffaflıq olmadan heç bir islahat aparıla bilməz:

“Hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyətdə aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik”.