Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi

Bəşir Süleymanlı

-

Aprelin 14-də keçmiş siyasi məhbus, prezidentin sonuncu əfv sərəncamı ilə azadlığa çıxan Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilməyib.

Bu barədə Bəşir Süleymanlı özü AzadlıqRadiosuna məlumat verib:

«Gürcüstandakı qohumlarım ilə görüşmək üçün həmin ölkəyə getmək istəyirdim. Amma Qazax-Sınıq Körpü Gömrük postunda məni saxladılar və dedilər ki, Baş Prokurorluqdan mənim ölkədən çıxmasına qadağa qoyulub».

Bəşir Süleymanlı əfv olunduğunu desə də, heç bir nəticəsi olmayıb:

«Onlara bildirdim ki, istintaq gedən vaxtda ölkədən çıxışıma qadağa qoyulmuşdu. Dedim ki, prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışam. Amma nəticəsi olmadı və məni Gürcüstana getməyə qoymadılar».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı 2014-cü il mayın 26-da 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Bəşir Süleymanlının özü həbsini siyasi sifariş sayırdı.

«Amnesty Internatinal» beynəlxalq hüquq müdafiə təşkilatı B.Süleymanlını «vicdan məhbusu» elan etmişdi.